Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın Gəncə Bölməsinin hesabatı telekonfrans vasitəsilə dinlənilib
17.02.2016 17:29
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsinin hesabatı telekonfrans vasitəsilə dinlənilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Gəncə Bölməsinin 2015-ci ilin yekunlarına dair hesabatı dinlənilib. Hesabatı bölmənin akademik-katibi, akademik Fuad Əliyev telekonfrans vasitəsilə təqdim edib.

Əldə olunmuş mühüm nəticə və nailiyyətləri canlı bağlantı ilə iclas iştirakçılarının diqqətinə çatdıran akademik Fuad Əliyev bölmənin müəssisələrində 12 elmi problemə aid 27 mövzu üzrə 15 mərhələdə 32 tədqiqat işinin aparıldığını, bunlardan 24 mövzu üzrə 11 mərhələdə 28 işin tamamlandığını bildirib. Hesabat ilində bölmənin əməkdaşları 2 kitab, 3 elmi jurnal, 25-i xaricdə və 11-i impakt faktorlu jurnallarda olmaqla 61 məqalə, 7-si xaricdə olmaqla 8 tezis dərc etdiriblər. Bölmə üzrə iki dissertasiya işi müdafiə olunub.

Ötən il həyata keçirilən elmi tədqiqat işlərinin nəticələri Gəncədə yaradılan 5 muzeydə əyani olaraq nümayiş etdirilir. Tədqiqatlar nəticəsində əldə olunmuş 800 adda maddi mədəniyyət materialları əsasında Gəncənin tarixi abidələr kotoloqu hazırlanır.

Akademik bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətindən də danışıb. “Hesabat ilində şura üzvlərinin İtaliya, ABŞ, İsveç, Yaponiya, Rusiya, Fransa, Belarus, Türkiyə və Qazaxıstanda 24 elmi əsəri və 7 tezisi nəşrə təqdim edilib. Bu əsərlərdən 11-i yüksək impakt faktorlu elmi nəşrlərdə, digərləri isə beynəlxalq jurnallarda, elmi konfrans və simpozium materiallarında çap olunub”.

Fundamental elmlə təhsilin vəhdətinin əhəmiyyətindən söz açan akademik Fuad Əliyev qeyd edib ki, bölmə əməkdaşları il ərzində ali və orta təhsil müəssisələrində ictimai və texniki elmlər üzrə məruzələrlə çıxış ediblər. Universitetin aidiyyatı fakültələri bölmənin nəzdində fəaliyyət göstərən laboratoriyalarda elmi işçilərin rəhbərliyi ilə kimya, biologiya, informasiya texnologiyaları üzrə sınaq təcrübələri aparıblar.

Beynəlxalq elmi əməkdaşlıq əlaqələrinə gəlincə, ötən il bölmənin Beynəlxalq Nəzəri və Tətbiqi Elmlər Akademiyasının elmi təşkilat komitəsində təmsilçilik hüququ əldə etdiyi, Bakıda Gənc Alimlər Forumunun Humanitar Elmlər Komitəsinə moderatorluq etdiyi iclas iştirakçılarının diqqətinə çatdırılıb. Əməkdaşların müxtəlif respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak etdiyi, həmçinin İstanbulda fəaliyyət göstərən Osmanlı Dövlət Baş arxivində araşdırmaların aparılaraq Gəncənin qədim tarixinə aid 181 ədəd əlyazmanın sürətinin və 20 ədəd kitabın tədqiq üçün Bölməyə gətirildiyi vurğulanıb.

Qeyd edilib ki, 2015-ci ildə ildə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bölmə əməkdaşlarından bir nəfər elmi tədqiqat işlərində əldə etdiyi nailiyyətlərə görə "Şöhrət" ordeni, iki nəfər "Tərəqqi" medalı ilə təltif olunub.

Sonra telekonfrans vasitəsilə bölmə əməkdaşları, Gəncənin elm və təhsil ictimaiyyətinin nümayəndələri ilə də bağlantı qurulub. Bildirilib ki, elm və təhsilin inteqrasiyasına böyük diqqət göstərilir, Gəncə Bölməsinin müvafiq institutları ilə şəhərdə fəaliyyət göstərən ali və orta təhsil müəssisələri ilə əlaqələr daha da genişləndirilib. Həmçinin ötən il Gəncədə həyata keçirilmiş elmi-tədqiqat işləri, əldə olunmuş nailiyyətlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Bölmənin hesabat məruzəsi dinlənildikdən və müzakirə olunduqdan sonra Rəyasət Heyəti qərar qəbul edib. Qərara əsasən, bölmənin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti qənaətbəxş hesab olunub və AMEA-nın illik hesabatına daxil edilməsi haqqında tapşırıq verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: