Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Aqrar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat müzakirə olundu

AMEA Aqrar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat müzakirə olundu

2013-ci il üçün hesabatına həsr olunmuş növbəti iclası keçirildi.

İclasda AEB-in elmi müəssisə və təşkilatlarının rəhbərliyi, bölmə üzrə mühüm nəticələrin icraçıları və əlaqədar təşkilatların nümayəndələri iştirak edirdilər.

Öncə bölmə institutlarının hesabat ilində əldə etdikləri elmi nailiyyətləri əks etdirən sərgi nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə açan AEB-in akademik-katibi, akademik Qərib Məmmədovson illər Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarının əhəmiyyətindən danışdı, bölmənin cari ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatının dinləniləcəyini bildirdi.

Qeyd etdi ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə ərzaq təhlükəsizliyinin qorunması məqsədi ilə Ağcabədi və Beyləqan rayonlarında taxıl əkini üçün 408 hektar torpaq sahəsi ayrılmış, pilot təsərrüfat yaradılmışdır. Akademik bunu əhalinin ərzaqla təminatında mühüm addım olduğunu vurğuladı.

Son illər akademiyanın müxtəlif elmi-tədqiqat müəssisələrində struktur dəyişikliklərinin həyata keçirildiyini söyləyən Q.Məmmədov bunun bölmənin institutlarının fəaliyyətinə də müsbət təsir göstərdiyini bildirdi.

Sonra AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov institutun 2013-cü ildəki elmi və elmi təşkilati fəaliyyəti barədə hesabatla çıxış etdi. Genetik ehtiyatların müasir dövrün ən prioritet elm sahələrindən biri olmaqla, ərzaq təhlükəsizliyinin və ekoloji dayanıqlığın əsası olduğunu söyləyən Zeynal Əkpərov qeyd etdi ki, bu ehtiyatları məhv olmaqdan və azalmaqdan xilas etmək, hərtərəfli öyrənilməsi və səmərəli istifadəsinə nail olmaq bəşəriyyətin gələcəyini qorumaq deməkdir. İnstitutun elmi istiqaməti də əsasən bu problemləri əhatə edir.

Bildirdi ki, cari ildə tədqiqat işləri institutun laboratoriyalarında, həmçinin Abşeron təcrübə təsərrüfat şöbəsində, eləcə də müxtəlif ekoloji bölgələrində yerləşən Şəki və Qarabağ elmi-tədqiqat bazalarında, Ağdaş, Tovuz, Saray və Zuvand dayaq məntəqələrində 15 mövzu, 23 iş və 93 mərhələ üzrə yerinə yetirilmişdir. Nazirlər Kabinetinin qərar və sərancamlarına müvafiq olaraq, mədəni bitkilərin genetik ehtiyatları üzrə idarəetmə sistemi müəyyən edilmiş, respublikanın bütün bölgələrinin əlaqələndirilməsi, burada olan BGE-nin təbii ehtiyatlarının, kolleksiyalarının və s. nəzarətdə saxlanılması, onları əhatə edən elmi-tədqiqat və təhsil müəssisələrinin, alim və mütəxəssislərin yüksək səviyyədə koordinasiyasının təşkili və təmin olunması məqsədilə “Elmi-Texniki Şura” (ETŞ) yaradılmışdır.

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun 2013-cü ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında məlumat verən direktor, AMEA-nın müxbir üzvü Məhərrəm Babayev aqrar elmin inkişafının ölkədə kənd təsərrüfatı, o cümlədən əhalinin ərzaq təhlükəsizliyinin həllində mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Qeyd etdi ki, institut əməkdaşları tərəfindən aparılan tədqiqatlar “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində torpaq və sudan istifadənin səmərəliliyinin artırılması, bitkiçiliyin inkişaf etdirilməsi və aqrar sahənin elmi təminatının yaxşılaşdırılması və kadr potensialının yüksəldilməsi məsələlərinin həllinə yönəlmişdir.

Natiq hesabat ilində Azərbaycanda flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi elmi istiqamətinə müvafiq olaraq institutda 2 problem, 14 mövzu, 52 iş və 86 mərhələ üzrə elmi-tədqiqat işlərinin yerinə yetirildiyini söylədi.

İlk dəfə olaraq Avropa Birliyinin torpaq-coğrafi informasiya sistemi formatında Azərbaycan torpaqlarının rəqəmsal verilənlər bazasının təklif olunduğunu bildirən M.Babayev əldə olunmuş nəticələrin icmalının Avropa Komissiyasının rəsmi nəşrlər ofisi tərəfindən “Aralıq dənizi və Qafqaz ölkələrinin torpaq ehtiyatları” adlı kitaba daxil edildiyini vurğuladı. Hesabat ilində “Şirvan düzündə torpaq tədqiqatları”, “Böyük Qafqazın cənub yamacında torpaq ekspedisiyası”, “Muğan torpaq ekspedisiyası”-nın həyata keçirildiyini diqqətə çatdırdı.

İnstitutun torpaq təsnifatı, torpaq informasiya bankı, elektron torpaq xəritələrinin tərtibi sahəsində Rusiyanın Torpaq İnstitutu, torpaqların meliorasiyası və rekultivasiyası sahəsində Rusiya Kənd Təsərrüfatı Akademiyası Ümumrusiya Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu, torpaq informasiya bankının yaradılması, elektron torpaq xəritələrinin tərtibi sahəsində Rusiya Еlmlər Akademiyası Sibir Bölməsinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə beynəlxalq əməkdaşlıq əlaqələrindən söz açdı.

Bildirildi ki, cari ildə institut tərəfindən 4 monoqrafıya və kitab, 211 məqalə (35-i xaricdə), 2 tezis (1-i xaricdə) çap olunub.

AMEA Eroziya və Suvarma İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Seymur Səfərli bildirdi ki, elmi müəssisə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində tədqiqatları davam etdirib. Hesabat ilində institutda flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyi və su ehtiyatlarının öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi istiqaməti üzrə 2 problem, 8 mövzu və 11 işi əhatə edən elmi-tədqiqat işləri 11 mərhələdə yerinə yetirilib.

Qeyd etdi ki, 52 elmi əsər (3 kitab, 2monoqrafiya, 46 məqalə, 1 tezis) çapdan çıxıb. Onlardan 28 məqalə və 1 tezis xaricdə nəşr olunub, 1 patent alınıb. İnstitutda 11 nəfər əyani doktoranturada təhsil alır, 1 fəlsəfə doktoru dissertasiya işi müdafiə olunub.

S.Səfərli bildirdi ki, ilk dəfə olaraq müasir LİSEM (Limburg Soil Erosion Model) modelindən istifadə olunmaqla, İsmayıllı rayonunun şərq hissəsində yerləşən və sahəsi 37 kv.km olan Mucuçay hövzəsi üçün torpaq eroziyasının fiziki modeli hazırlanıb və bu model əsasında hövzənin mövcud və potensial rəqəmsal eroziya xəritələri tərtib olunub. Bundan başqa, müasir texnologiyalardan istifadə etməklə Ağsu rayonu üçün aktual və potensial eroziya təhlükəlik xəritələri işlənib: “Hazırlanmış xəritələr gələcəkdə baş verə biləcək proseslərin qarşısını almaq məqsədilə qabaqcadan müxtəlif aqrotexniki, aqromeliorativ və aqroekoloji tədbirlər planının gecikmədən işlənilib hazırlanmasına imkan verir. Boyük Qafqazın Azərbaycan hissəsində eroziya prosesinin qarşısını alan fəaliyyətlərin optimallaşdırılması məqsədilə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinindəstəyi ilə birinci mərhələ kimi buraya daxil olan rayonların torpaq xəritələri rəqəmsallaşdırılıb”.

Cari ildə Quba və Xaçmaz rayonlarının rəqəmsal torpaq xəritələri, Mucuçay hövzəsinin yerləşmə sxemi və yüksəklik xəritəsi, hövzənin torpaq və torpaqdan istifadə xəritələri, mövcud və potensial eroziya xəritələri hazırlanıb.

İnstitutun beynəlxalq əlaqələrindən söz açan S.Səfərli Rusiyanın Raduqa İnstitutu və Ryazan Aqrar İstehsalat Mərkəzi, Belarusun Meliorasiya İnstitutu və Polşanın Texnoloji-Təbiətdən İstifadə İnstitutu ilə əməkdaşlıq müqavilələrin imzalandığını nəzərə çatdırdı.

Hidrotexnika və Meliorasiya İnstitutunun hesabat məruzəsi ilə çıxış edən institutun direktoru, a.ü.e.d. Ağamir Həşimov ölkədə aparılan meliorasiya və rekultivasiya işləri haqqında ətraflı məlumat verdi, tədqiqatların problem və perspektivlərindən söz açdı.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin 2013-cü ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarından danışan direktor, a.ü.f.d.Əsəd Musayev isə Kənd Təsərrüfatı Nazirliyinə daxil olan 13 elmi-tədqiqat institutu və Azərbaycan Dövlət Aqrar Universitetinin hesabat ilində apardığı elmi-tədqiqat işlərinin nəticələrindən bəhs etdi.

Sonda AMEA Genetik Ehtiyatlar İnstitutunun II kurs doktorantı Vahid Güvəndiyev Azərbaycan Florasında Qarayonca cinsi növlərinin ekotipləri və bioekoloji səciyyəsi haqqında məlumat verdi.

Hesabatla bağlı müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü Mahmud Abdullayev, b.ü.f.d. Tubuxanım Qasımzadə və başqaları aparılmış tədqiqatların nəticələrini yüksək qiymətləndirərək illik hesabatı qənaətbəxş hesab etdilər, rəy və təkliflərini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: