www.science.az
15.02.2016 09:42

“Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi davam edir

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Bakıdakı Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbdə “Vətən qeyrətli qadın hökmdarımız-Tomris” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda bu elm müəssisəsinin direktoru, layihənin rəhbəri, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov dövlətçilik tariximizdən, tarixi şəxsiyyətlərimizdən, tarixdə mövcud olmuş imperiyalarımızdan söz açıb.

Bildirilib ki, Azərbaycanın beş minillik dövlətçilik tarixi vardır. Dünya tarixində çox qüdrətli şəxsiyyətlər yetişdirmiş xalqımız orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaradıb.

Y.Mahmudov Azərbaycanın qadın hökmdarı Tomris haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, Tomrisin Əhəməni hökmdarı II Kir üzərində qələbəsi Azərbaycan dövlətçiliyi tarixinin şanlı səhifələrindəndir.

Tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev bildirib ki, qədim mənbələr Massaget çarlığının Şimali Azərbaycanda yerləşdiyini, Tomrisin isə II Kirlə məhz Araz çayı sahilində vuruşduğunu təsdiqləyir.

Tədbirdə digər çıxış edənlər “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsinin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, Tomris haqqındakı inşa və şəkil müsabiqəsinə müxtəlif bölgələrdən 140-dək şagird qatılıb. Gələcəkdə bu layihə çərçivəsində tədbirlərin bölgələrdə də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən ilin aprelindən reallaşdırılan “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Bakının bir sıra orta məktəblərində tarixi şəxsiyyətlərimizə həsr olunan konfranslar keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.