www.science.az
13.02.2016 13:40

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Fevralın 11-dən 13-dək AMEA-da “Sabahın alimləri” V Respublika müsabiqəsi keçirilib.

Müsabiqə AR TəhsilGənclər və İdman nazirlikləri, Heydər Əliyev Mərkəzi, AMEA və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Fevralın 13-də AMEA-nın Əsas binasında müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqəsinin əhəmiyyətindən danışıb, onun elmə, təhsilə töhfə verəcəyinə əminliyini vurğulayıb, qalibləri təbrik edib.

Qeyd olunub ki, müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarətdir. Bu müsabiqə hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil edilir.

“Sabahın alimləri” V Respublika müsabiqəsində 242 şagird 129 elmi layihə ilə iştirak edib. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim ediblər.

Üç gün davam edən müsabiqənin sonuncu günü “Açıq qapı” saatları təşkil edilib, şagird və müəllimlərə layihələrlə tanış olmaq imkanı yaradılıb.

Müsabiqəyə təqdim olunan layihələr münsiflər heyəti tərəfindən səkkiz nominasiya üzrə qiymətləndirilib, nəticədə 45 layihə I, II və III yerlərə layiq görülüb. Kollektiv və fərdi layihə üzrə ümumilikdə 93 şagird mükafatlandırılıb.

Yarışmanın qalibi olan üç layihənin müəllifi mayda ABŞ-da keçiriləcək İntel İSEF sərgisində iştirak etmək imkanı qazanıb.

Sonda qaliblərə diplom, medal və digər mükafatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.