Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Birincili sümük şişlərinin müalicəsində yeni texnologiyaların tətbiqi mühüm nəticələrin əldə edilməsində vacib rol oynayır
26.12.2013 00:00
  • A-
  • A
  • A+

Birincili sümük şişlərinin müalicəsində yeni texnologiyaların tətbiqi mühüm nəticələrin əldə edilməsində vacib rol oynayır

Azərbaycanda birincili sümük şişlərinin müalicəsində yeni texnologiyaların tətbiqi mühüm nəticələrin əldə edilməsində vacib rol oynayır. Bu haqda AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universitetinin rektoru, “Onkologiya” kafedrasının müdiri, akademik Əhliman Əmiraslanov AMEA Rəyasət Heyətinin iclasında bildirib.

Sümük şişlərinin diaqnostika və müalicə baxımından kliniki onkologiyanın mühüm və mürəkkəb sahələrindən olduğunu qeyd edən Ə.Əmiraslanov müasir dövrdə bədxassəli sümük şişlərinə ən çox uşaq, yeniyetmə və gənc yaşlarında təsadüf edildiyini bildirib: “Bu şişlər aqressiv gedişinə, erkən metastaz verməsinə görə fərqlənir. Həmin xüsusiyyətlər sümük sarkomalarını kliniki onkologiyanın ən mühüm sahələrindən birinə çevirmiş və bu şişlərin müalicəsi prioritet məsələ kimi daim mütəxəssislərin diqqət mərkəzindədir”. Sümük şişlərinin müalicəsinin cərrahi, şüa, kimyəvi terapiya, kombinəedilmiş və müxtəlif kompleks müalicə metodları ilə aparıldığını qeyd edən alim yaxın keçmişədək bədxassəli sümük şişlərinin müalicəsi nəticələrinin və sümük sarkomalarının ən geniş yayılmış forması olan osteogen sarkoma zamanı proqnozun qeyri-kafi olduğunu bildirib. Ə.Əmiraslanov 40 ilə yaxın bir müddətdə sümük sarkomalarının müalicəsi istiqamətində aparılan elmi-tədqiqatlar nəticəsində bu xəstəliklərin müalicəsinə olan baxışların kökündən dəyişdiyini bildirib. Akademik osteogen sarkomanın yeni kompleks müalicə texnologiyasının işlənib hazırlandığını qeyd edib: “Bu üsul aşağıdakı komponentlərdən - əməliyyatönü kimyəvi terapiya, cərrahi müdaxilə, osteogen sarkomanın müalicəvi patomorfozunun öyrənilməsi, əməliyyatdan sonrakı kimyəvi terapiyadan ibarət olmuşdur”.

“Birincili sümük şişlərinin müalicəsinə baxışı dəyişən yeni texnologiyaların kliniki praktikaya tətbiqi” mövzusunda elmi məruz ilə çıxış edən ATU-nun “Onkologiya” kafedrasının professoru, tibb üzrə elmlər doktoru Abuzər Qazıyev bildirib ki, aparılan tədqiqatlar nəticəsində işlənib hazırlanmış osteogen sarkomanın neoadyuvant kimyəvi terapiyası bu şişlərin müalicəsində tamamilə yeni perspektivlər açmışdır: “Əməliyyatönü kimyəvi terapiya nəticəsində birincili şişin zədələnmə dərəcəsinin qiymətləndirilməsi adyuvant (profilaktik) kimyəvi terapiya üçün effektiv dərman preparatları kombinasiyasının seçilməsinə, osteogen sarkomanın müalicəsindən alınan nəticələrin yaxşılaşdırılmasına, xəstələrin tez bir vaxtda sağalmasına və yaşama müddətinin 4-5 dəfə uzadılmasına imkan vermişdir”. Məruzəçi bildirib ki, osteogen sarkomanın müalicəsində yeni texnologiya əsasında əldə edilmiş uğurları bəzi xarici və yerli mütəxəssislər sümük onkologiyasında inqilabi dəyişiklik kimi xarakterizə ediblər.

Kompleks müalicə proqramında müasir onkologiyada ən mürəkkəb cərrahi əməliyyatlar hesab edilən iri oynaqların rezeksiyası və endoprotezləşdirilməsi, rotasion plastika, kürək-döşarası amputasiya və rezeksiya əməliyyatları, metastazvermənin qarşısını alan effektiv neoadyuvant kimyəvi terapiya rejimlərinin tətbiqi sayəsində bu şişlərin müalicəsinin nəticələri xeyli yaxşılaşıb. Nəticədə sümük sarkomaları olan xəstələrdə həm zədələnmiş sümüyün geniş seqmentar rezeksiyası və oynağın endoprotezləşdirilməsi həcmində saxlayıcı əməliyyatların mümkünlüyü sübut edilmiş, həm də metastazsız yaşama müddətinin uzadılması perspektivləri müəyyənləşdirilmişdir.

Bildirilənə görə, endoprotezləşdirilmə əməliyyatları 700-ə yaxın sümük şişi olan xəstədə aparılıb. Bud sümüyünün distal, qamış və bazu sümüklərinin proksimal nahiyələrinin şişləri zamanı əmələ gələn defektləri əvəz etmək məqsədilə əvvəllər “Sivaş” və “Poldi” endoprotezlərindən, 1996-cı ilin əvvəllərindən müəlliflər tərəfindən təklif edilmiş konstruksiya əsasında işlənib hazırlanmış endoprotezlərdən istifadə edilmişdir ki, bu da yarı metal, yarı plastik kütlədən ibarət olması və ucuz başa gəlməsi xüsusiyyətlərinə görə fərqlənirdi. Sonrakı illərdə Almaniyanın “Link” və Türkiyənin “Hippokrat” firmalarının hazırladığı modul endoprotezləri klinik praktikada geniş tətbiq edilmişdir.

Sümük şişlərinin müalicəsinin təkmilləşdirilməsi, müasir müalicə texnologiyasının işlənib hazırlanması və kliniki praktikaya tətbiqi istiqamətində aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr barədə dəfələrlə ABŞ, Kanada, Fransa, Avstriya, İtaliya, Yunanıstan, Almaniya, İsveç, Türkiyə, Rusiya, İsrail, Pakistan, Yaponiya, və s. ölkələrdə keçirilən müxtəlif səviyyəli elmi forum və nüfuzlu yığıncaqlarda məruzələr edilib. Ümumilikdə bu problemə həsr edilmiş 15-dən artıq monoqrafiya və metodik tövsiyələr, 300-ə qədər elmi məqalə, məruzə tezisi nəşr edilmiş, səmərələşdirici təkliflər hazırlanmış, patentlər alınmışdır. Bu mövzuda dərc edilən əsərlərə yüzlərlə istinadlar olmuşdur.

Birincili sümük şişlərinin müalicəsinin təkmilləşdirilməsi və yeni müalicə üsullarının işlənib hazırlanması, onların kliniki praktikaya tətbiqi istiqamətində elmi-tədqiqat işləri hazırda Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının və Rusiya Tibb Elmləri Akademiyasının Onkologiya Elmi Mərkəzinin Ümumi onkologiya şöbəsinin əməkdaşları tərəfindən birgə tədqiqatlar kimi davam etdirilir.

Tədbirdə Tibb Universitetində birincili sümük şişlərinin müalicəsinin təkmilləşdirilməsi istiqamətində aparılan elmi tədqiqatların əhəmiyyəti vurğulanaraq bu sahədə işlərin daha da genişləndirilməsi, ölkədə bu istiqamətdə yüksəkixtisaslı kadrların hazırlanması tövsiyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: