Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.02.2016 17:06
  • A-
  • A
  • A+

AMEA İctimai Elmlər Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı dinlənilib

AMEA İctimai Elmlər Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı dinlənilib

Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın İctimai Elmlər Bölməsi 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat verib.

Bölmənin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova hesabat ilində bölməyə daxil olan institutların elmi və elmi-təşkilati sahədə fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, ötən il fəaliyyətə başlamış İctimai Elmlər Bölməsinin elmi müəssisələrində aparılan tədqiqatlar ölkənin inkişafı, ictimai-siyasi sabitliyi, maddi-mənəvi və milli dəyərlərinin qorunmasına, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasına istiqamətlənib. N.Axundova qeyd edib ki, İctimai Elmlər Bölməsi tərkibinə görə AMEA-nın ən böyük struktur bölməsidir. Onun tərkibində 8 elmi-tədqiqat müəssisəsi, 1 muzey fəaliyyət göstərir. Bölmə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının 3 problem şurasına kuratorluq edir.

Hesabat ilində bölmə müəssisələri tərəfindən tədqiqatların dövlət proqramlarında göstərilən istiqamətlər üzrə aparıldığını bildirib.

2015-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Azərbaycanın Quba-Xaçmaz bölgəsinin kəndlərində məskunlaşan və tarixi-etnoqrafik ədəbiyyatda “Şahdağ xalqları” adı altında qruplaşdırılan etnosların tarixi, maddi və mənəvi mədəniyyəti, mənşəyi, etnik xüsusiyyətləri, yayılma arealları, adət-ənənələri, xalq inancları haqqında tarixi-etnoqrafik məlumatlar əldə etmək üçün onların kompakt yaşadıqları kəndlərə etnoqrafik səfərlər təşkil olunub. İnstitutun əməkdaşlarından ibarət ekspedisiya Qobustan rayonu ərazisində və dağətəyi Şirvan bölgəsində arxeoloji abidələri, maddi-mədəniyyət nümunələrini CİS (Coğrafi İnformasiya Sistemləri) texnologiyaları vasitəsi ilə qeydiyyata alıb və ilkin olaraq arxeoloji abidələr üzərində tədqiq olunan ərazinin elektron xəritəsini yaradıb. Bundan başqa, “Azərbaycan Respubliksı Prezidentinin Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən, institut tərəfindən müasir dünya standartlarına uyğun arxeoparkların yaradılması məqsədilə abidənin ətrafında qazıntılar aparlıb. Rayonlarda aparılan geniş miqyaslı arxeoloji tədqiqat işləri nəticəsində əvvəllər elmə məlum olmayan onlarla arxeoloji abidələr aşkar edilib.

A.A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycan tarixinin ümumi konsepsiyası” əsas elmi istiqamət üzrə elmi tədqiqat işləri aparıb. Bu təqdiqatlar tarixşünaslıq və mənbəşünaslıq, Azərbaycanın siyasi tarixi, sosial iqtisadi tarixi və digər istiqamətləri əhatə edib.

Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məlumat verən N.Axundova institutda tamamlanmış işlərin Şərq ölkələrinin tarixi, iqtisadiyyatı, ictimai-siyasi vəziyyətinə, Şərq ölkələri ilə Azərbaycanın əlaqələrinə, Şərq filologiyasının, Şərq ölkələri ilə Azərbaycanın filoloji əlaqələrinin tədqiqinə, Şərqin yazılı abidələrinin tədqiqi, tərcüməsi və nəşri, eləcə də Şərq-Qərb sivilizasiyalararası münasibətlərinə həsr olunduğunu bildirib.

Fəlsəfə və Hüquq İnstitutunda müasir dövrdə dinşünaslığın nəzəri məsələləri, dinlərin tarixi və fəlsəfəsi, Azərbaycanda din və mədəniyyətin aktual problemləri araşdırılıb, elmi-idrakın və qlobalistikanın fəlsəfi sosioloji və sosial-psixoloji məsələləri, modernləşmənin sosioloji problemləri, gender tədqiqatları istiqaməti üzrə dünya və Azərbaycan fəlsəfə, ictimai fikir və mədəniyyət tarixinin ən aktual, mübahisəli məsələlərinin təhlili aparılıb.

İqtisadiyyat İnstitutunda 2014-2016-cı illəri əhatə edən innovasiyalara əsaslanan davamlı iqtisadi inkişaf modelinin formalaşması və inkişafı, davamlı iqtisadi inkişafın təmin edilməsində makroiqtisadi və demoqrafik tənzimləmə, iqtisadi artımın keyfiyyəti, qeyri-neft sektorunun, sahibkarlığın və beynəlxalq iqtisadi münasibətlərin inkişaf problemləri, insan potensialı və kapitalının formalaşması, əhalinin səmərəli məşğulluğunun və yaşayış keyfiyyətinin yaxşılaşdırılmasının, xidmət sektorunun inkişafının sosial-iqtisadi və demoqrafik problemləri, davamlı iqtisadi inkişafın təmin edilməsində regionların, kənd təsərrüfatının və aqrar sahənin tarazlı inkişafının, təbii sərvətlərdən səmərəli istifadənin sosial-iqtisadi problemlərinin tədqiqi problemləri üzrə elmi tədqiqat işləri davam etdirilib.

Hesabat dövründə İnsan Hüquqları İnstitutunda “Azərbaycan cəmiyyətində demokratik proseslərin inkişaf kontekstində insan hüquqları və əsas azadlıqları məsələləri” istiqaməti üzrə araşdırmalar davam etdirilib.

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi mədəniyyət abidələrinin toplanması, mühafizəsi, tədqiqi, nəşri, onların ekspozisiya və sərgilər vasitəsilə nümayişi və təbliği istiqamətində ardıcıl işlər aparıb.

Akademik-katib vurğulayıb ki, hesabat ilində bölmənin institutlarında ümumilikdə 8 elmi istiqamətin 33 problemi üzrə 117 mövzuda və 271 iş üzərində elmi tədqiqatlar aparılıb. Cari ildə 117 mövzudan 26-sı, 271 işdən 196-sı tamamlanıb.

Məruzəçi tədbirdə bölmənin elmi müəssisələrinin kadr potensialından da danışıb. Bildirib ki, bölmə üzrə elmi müəssisələrdə 1419 əməkdaş fəaliyyət göstərir ki, onlardan 786-sı elmi işçi, 90-ı elmlər doktoru, 381-i isə fəlsəfə doktorudur. Bundan başqa, bölmənin 5 həqiqi üzvü və 19 müxbir üzvü var. Bölmə üzvləri 2015-ci il ərzində 69 konfransda iştirak edib. 6 nəfər dövlət tərəfindən təltiflərə layiq görülüb.

Daha sonra bölmənin mühüm elmi nəticələri haqqında məlumat verən Nərgiz Axundova bildirib ki, bölmə əməkdaşlarının 229-u xaricdə olmaqla, ümumilikdə 1029 məqaləsi, 160-ı xaricdə olmaqla 293 tezisi nəşr olunub. 8-i xaricdə olmaqla 114 kitab çapdan çıxıb. İnstitutların əməkdaşlarının 32 məqaləsi impakt faktorlu jurnallarda çap olunub, elmi işçilərin əsərlərinə 322 dəfə istinad edilib.

Ötən il AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda ali təhsilin magistratura pilləsi yaradılıb və antropologiya ixtisası üzrə qəbul aparılıb.

Hesabat ilində İctimai Elmlər Bölməsinin demək olar ki, bütün institut və təşkilatlarında ali məktəblərin tələbə və müəllim kollektivi təcrübə kursları keçib.

Nərgiz Axundova 2015-ci ilin elmi tədqiqat planına uyğun olaraq bölməyə aid olan müəssisələrin mühüm nəşrlərindən və sərgilərdən danışıb. Bildirib ki, ötən ilin 14-18 may tarixlərində İtaliyanın Türin şəhərində təşkil olunan kitab sərgisində A.A.Bakıxanov adına Tarix İnstitutunun italyan dilinə tərcümə olunmuş mükəmməl elmi nəşrlərindən olan iki əsəri: “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun müəllifi olduğu Azərbaycan və Avropa” monoqrafiyası nümayiş olunub.

2015-ci ildə akademik Ramiz Mehdiyevin “Tarixi idrakın elmliyi problemlərinə dair”, “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”, “Dünya nizamından nizamsızlığa doğru. Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” və digər kitabları, Akademik Nailə Vəlixanlının “Naxçıvanın VII-XII əsrlər dövrü tarixdə və tarixşünaslıqda” kitabı və AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun italyan, ispan, ingilis və rus dillərində 6 kitabı çapdan çıxıb.

Tədbirdə bölmənin beynəlxalq əlaqələr sahəsində fəaliyyətindən də söz açan məruzəçi elmi müəssisələrin ABŞ, Rusiya, Türkiyə, Fransa, Yaponiya, Avstraliya, Litva, Gürcüstan və digər xarici ölkələrin universitet və elm mərkəzləri ilə əməkdaşlıq etdiyini, layihələrinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan qrantlar aldığını vurğulayıb.

Məruzə dinlənildikdən sonra İctimai Elmləri Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatının təsdiq edilərək Akademiyanın illik hesabatına daxil edilməsi barədə qərar verilib. Bölməyə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqdakı nitqindən irəli gələn vəzifələrin ictimai elmlər sahəsində tədqiqatların aparılması istiqamətində mühüm proqram kimi qəbul edilməsi barədə tapşırıqlar verilib.

İclasda, həmçinin humanitar və ictimai elmlər üzrə 2015-ci il Nobel mükafatı laureatları barədə məsələ də müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: