www.science.az
10.02.2016 16:01

AMEA Humanitar Elmlər Bölməsi elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verib

Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin 2015-ci ilin yekunlarına dair hesabatı dinlənilib.

Bölmənin akademik-katibi, akademik Teymur Kərimli hesabat ilində bölmədə yerinə yetirilən elmi və elmi-təşkilati işlər haqqında məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, AMEA-nın tərkibində Humanitar Elmlər Bölməsi yaradılıb. Hazırda bölmənin tərkibində 5 institut və 2 muzey fəaliyyət göstərir. Bölmə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının 3 problem şurasına kuratorluq edir.

T.Kərimli ötən il əldə olunmuş mühüm nəticə və nailiyyətləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, hesabat ilində bölmənin müəssisələrində 31elmi problemi əhatə edən 70 mövzu üzrə 353 tədqiqat işi aparılıb, 10 mövzu üzrə 182 iş tamamlanıb. Bölmə üzrə 14 mühüm nəticə əldə edilib. Elmi müəssisələrin əməkdaşları 6-sı xaricdə olmaqla 57 monoqrafiya, 107 kitab dərc etdiriblər. Ötən il 1577 məqalə və 206 tezis çap olunub ki, onlardan 24-ü impakt faktorlu jurnallarda olmaqla 241-i xaricdə nəşr edilib. Həmçinin 33 dərslik və elmi-kütləvi ədəbiyyat nəşr olunub, elmi işçilərin əsərlərinə 94 istinad edilib.

Məruzədə vurğulanıb ki, bölmə üzrə 24 fəlsəfə doktoru, 3 elmlər doktoru dissertasiyası müdafiə edilib, o cümlədən 22 fəlsəfə və 5 elmlər doktoru dissertasiyası müdafiə ərəfəsindədir. Hazırda bölmənin institutlarının doktoranturasında 45-i əyani, 87-si qiyabi olmaqla 132 nəfər təhsil alır.

Fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsindən danışan akademik Teymur Kərimli vurğulayıb ki, Ədəbiyyat İnstitutunda yaradılmış Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatının baza kafedrası öz işini uğurla davam etdirib. Ötən il 3 nəfər Dilçilik İnstitutuna qədim yunan, sanskrit və latın dilləri ixtisasları üzrə magistraturaya qəbul olunub.

Hesabat ilində bölmə müəssisələrinin bir sıra dövlət proqramları çərçivəsində həyata keçirdiyi tədbirlərin icrası, o cümlədən beynəlxalq konfrans və simpoziumlar, xarici ölkələrə elmi ezamiyyətlər, elmi jurnallarda nəşr olunan məqalələr, müqavilələr və digər məsələlər haqqında ətraflı məlumat verilib.

Ötən il AMEA-nın 70 illik yubileyi ərəfəsində bölmə tərəfindən həyata keçirilən bir sıra mühüm işlər də diqqətə çatdırılıb. Bildirilib ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin ssenarisi əsasında "Azərbaycanın elm məbədi" adlı sənədli film çəkilib. Filmdə AMEA-nın 70 illik şərəfli inkişaf yolu əksini tapıb. Bölmənin elmi müəssisələrində yubileylə əlaqədar bir sıra yerli və beynəlxalq tədbirlər keçirilib.

Akademik-katib bölmənin elektron informasiya resursu haqqında da məlumat verib. Qeyd edib ki, ötən il bölmənin yeni saytı – heb.science.az istismara verilib.

Hesabat məruzəsi müzakirə olunduqdan sonra Bölmənin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti qənaətbəxş hesab olunub və AMEA-nın illik hesabatına daxil edilməsinə dair qərar verilib.

İclasda, həmçinin 2016-cı ilin iyun-iyul aylarında AMEA-nın Ədəbiyyat və Folklor institutlarının birgə təşkilatçılığı ilə Bakıda “İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq konfransın keçirilməsi ilə bağlı qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.