www.science.az
10.02.2016 10:39

Azərbaycanda fiziki imkanları məhdud şəxslərin təhsilə inteqrasiyası müzakirə olunub

AMEA Rəyasət Heyətində AMEA İnsan Hüquqları İnstitutuMoskva Dövlət Humanitar-İqtisadi Universitetinin (MDHİU) birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş “Rusiya-Azərbaycan: əlverişli mühitdən inkluziv cəmiyyətə doğru” mövzusunda “dəyirmi masa”nın Rusiyadan olan iştirakçıları AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevlə görüşüblər.

Akademik İbrahim Quliyev fiziki imkanları məhdud şəxslərin təhsilə inteqrasiyası sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və bu mövzuda tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb. İ.Quliyev bu cür tədbirlərin ölkədə fiziki imkanları məhdud şəxslərin hüquqlarının qorunması və onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasətinə öz töhfəsini verəcəyini qeyd edib.

MDHİU-nun rektoru, professor Vaqif Bayramov qeyd edib ki, tədbirdə Azərbaycanda fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, onların sosial vəziyyətinin yaxşılaşdırılması, eləcə də inklüziv təhsilin inkişafı ilə əlaqədar görülən işlər müzakirə olunub. V.Bayramov hər iki ölkənin bu sahədə birgə layihələr həyata keçirməkdə maraqlı olduğunu vurğulayıb.

Daha sonra Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Uşaqların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti departamentinin inkişaf və sosiallaşma problemləri olan uşaqların təhsili şöbəsinin rəisi Larisa Falkovskaya, MDHİU-nun Tarix və fəlsəfə kafedrasının professoru Anatoli Gerasimov, MDHİU-nun elmi-tədqiqat laboratoriyasının müdiri Dmitri Rayduqin və Ufa Dövlət Neft Texniki Universitetinin innovasiyanın inkişafı üzrə prorektoru, Tarix, psixologiya və pedaqogika kafedrasının müdiri, “İnklüziv təhsilin metodologiya və texnologiyası” elmi-tədqiqat laboratoriyasının müdiri, professor Svetlana Qaliullina fiziki imkanları məhdud olan şəxslərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası sahəsində Rusiyanın təcrübəsindən söhbət açıblar. Rusiyada mövcud problemlərin həlli istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər haqqında məlumat verilib. 

Görüşdə İnsan Hüquqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafayeva və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.