www.science.az
09.02.2016 17:08

Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçıları AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar

Fevralın 9-da  AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin müxtəlif ölkələrdən olan iştirakçıları  ilə görüş keçirilib.

Muzeyin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli qış məktəbi iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi, eləcə də bu istiqamətdə həyata keçirilən bütün işlər multikulturalizmin dövlət siyasətində prioritet olmasının, Azərbaycanda müxtəlif konfessiyalar və etnik birliklərin dostluq, qardaşlıq şəraitində yaşamasının, ölkəmizdə normal multikultural mühitin mövcudluğunun göstəricisidir.

Qonaqlara Muzeyin yaranma tarixi, zəngin ekspozisiya zallarında saxlanılan eksponatlar barədə rus və ingilis dillərində ətraflı məlumat verilib. Muzeydə Azərbaycan ədəbiyyatına aid materialların toplanıldığı, çoxlu sayda elmi tədqiqatların, kitab və monoqrafiyaların işıq üzü görüldüyü bildirilib. 

Qeyd edək ki, 2015-ci ilin yaz və payız semestrlərində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatıldıqları Beynəlxalq Multikulturalizm qış məktəbinə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil ocaqlarından 43, Azərbaycanın yerli universitetlərindən 12 nəfər olmaqla, ümumilikdə 55 tələbə, eləcə də yerli və xarici mütəxəssislər qatılıblar.

Prezident İlham Əliyevin “Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq” fikrini özünə deviz seçən qış məktəbi ötən ilin yayında keçirilən Beynəlxalq Multikulturalizm yay məktəbinin müsbət nəticələrinə və nailiyyətlərinə əsaslanaraq təşkil edilib.

Qış məktəbi fevralın 15-dək Bakı, Quba, Xaçmaz və Qusarda öz işini davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.