Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Füzulinin ərəbcə poetik irsi” adlı kitab işıq üzü görüb
24.12.2013 00:00
  • A-
  • A
  • A+

“Füzulinin ərəbcə poetik irsi” adlı kitab işıq üzü görüb

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutununböyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi” kitabı işıq üzü görüb. Monoqrafiyada ilk dəfə olaraq, Məhəmməd Füzulinin fəlsəfi-dini görüşləri, etik-estetik qənaətləri, süfizmə münasibəti, məhəbbət konsepsiyası və s. kimi mövzuların dahi söz ustadının ərəbcə poetik irsindəki təcəssüm və bədii təfsiri araşdırılır. Füzulinin ərəb dilində şeirləri ərəb poetik ənənələri zəminində tədqiq edilmiş, mövzu seçimində ənənə və varislik əlaqələri, poetik ifadə tərzi və leksik fonundakı ümumi müştərəklik üzə çıxarılmışdır.

Kitabın “Füzulinin ərəbcə poetik irsinin tədqiqi tarixindən” adlı birinci fəslində Füzulinin ərəb dilində ədəbi irsinin mövcudluğu barədə ilk məlumat verən təzkirəçi şairin ərəb dilindəki qəsidələrinin bədii məziyyətləri haqqında bəzi alimlərin yanlış və subyektiv fikirlərinə də münasibətini bildirir.

“Füzuli dövrü Bağdad ədəbi mühiti” adlı ikinci fəsildə eyni dövrdə həmin şəhərdə yaşayıb yaratmış şairlərdən bəhs edir, həmin dövr poeziyasının xüsusiyyətlərini diqqətə çatdırır. Tədqiqatçı Bağdadın XVI əsr ədəbi mühitinin ümumi mənzərəsinə əsasən həmin şəhərdə fars, türk, ərəb şeiri və ənənələrinin bir-birilə kəsişdiyini qeyd edir.

“Füzulinin ərəbcə qəsidələrinin bədii-estetik xüsusiyyətləri” adlı üçüncü fəsildə şairin ictimai mühitə münasibəti, şairin fəlsəfi-etik və estetik görüşləri, məhəbbət konsepsiyası ilə bağlı mülahizələr irəli sürülür. Bu fəsildə, həmçinin, qəsidələrində Məhəmməd peyğəmbər və Həzrəti Əlini əqidə, məslək fədailəri, əxlaq mücəssəməsi, bəşərin kamillik nümunələri kimi təqdim edən böyük söz ustadının insanları haqqa, imana, inama səsləməsi, onlara qəhrəmanlıq, əqidə yolunda mübarizlik kimi yüksək mənəvi hisslər aşılaması, islamın xeyirxahlıq, halallıq, paklıq, mənəvi kamillik kimi gözəl keyfiyyətlərini təlqin etməsi göstərilir.

“Füzulinin ərəbcə qəsidələrinin bədii-estetik xüsusiyyətləri” başlıqlı dördüncü fəsildə şairin qəsidələrinin janr xüsusiyyətlərindən, poetik leksikasından, bədii-üslubi xüsusiyyətlərindən, məcazlar sistemindən, vəzn və qafiyəsindən bəhs edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: