www.science.az
05.02.2016 09:21

AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərən Viki-Mərkəz haqqında hesabat dinlənilib

Fevralın 4-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumda fəaliyyət göstərən Viki-Mərkəzin 2014-2015-ci illər üzrə hesabatını təqdim edib. Bildirib ki, Vikipediyada Azərbaycan Respublikasının milli maraqlarının qorunması üçün zəruri tədbirlərin görülməsi, ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi və s. məqsədilə  AMEA Rəyasət Heyətinin 15 yanvar 2014-cü il tarixli iclasında bir sıra qərarlar qəbul edilmiş, bu sahədə fəaliyyətin təşkili məqsədilə İnformasiya Texnologiyaları İnstitutuna müvafiq tapşırıqlar verilmişdir.

Akademik R.Əliquliyevin sözlərinə görə, ötən müddət ərzində Vikipediyada Azərbaycanın tarixi həqiqətləri, görkəmli şəxsiyyətləri ilə bağlı dolğun məlumatların yerləşdirilməsi, bu mühitdə toplanan informasiyanı, baş verən prosesləri analiz etmək, təsnifatlaşdırmaq üçün elmi araşdırmaların aparılması, əhali arasında Vikpediyanın populyarlaşdırılması, vikipediyada işləmək üçün zəruri bilik və vərdişlərin aşılanması, AMEA-nın qurumlarının bu layihəyə fəal şəkildə qoşulmasının təşviq edilməsi  istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Sonda AMEA Rəyasət Heyətinin qərarına əsasən, Viki-Mərkəzin 2014-2015-ci illər üzrə fəaliyyəti haqqında hesabatı təsdiq edilib. AMEA İnformasiya Texnologiyaları İnstitutuna Viki-Mərkəzdə viki-qrupların treninqi, vikimetrik araşdırmaların aparılması, viki-mühitdə Azərbaycanla bağlı kontentlərin monitorinqi istiqamətində görülən işlərin davam etdirilməsi ilə bağlı tapşırıqlar verilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.