www.science.az
04.02.2016 17:57

Aqrar Elmlər Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı dinlənilib

Fevralın 4-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın Aqrar Elmlər Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatı dinlənilib.

Bölmənin akademik-katibi, akademik Qərib Məmmədov hesabat ilində bölməyə daxil olan institutların elmi və elmi-təşkilati sahədə fəaliyyəti haqqında məlumat verib. Akademik bildirib ki, 2015-ci ildə Aqrar Elmlər Bölməsi fəaliyyətinin əsas hissəsi 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı tədbirlər planına müvafiq olaraq həyata keçirilib. Akademik Qərib Məmmədov qeyd edib ki, “Kənd təsərrüfatı ili” ilə bağlı işlər kənd təsərrüfatı sahəsində elmi təminatın və kadr hazırlığının yaxşılaşdırılması, eləcə də bu sahədə informasiya texnologiyalarının tətbiqi məsələlərini əhatə edib.

Akademik tədbirdə bölmənin elmi müəssisələrinin kadr potensialından da danışıb. Bildirib ki, bölmə üzrə elmi müəssisələrdə 298 elmi işçi fəaliyyət göstərir ki, onlardan 15-i elmlər doktoru, 184-ü isə fəlsəfə doktorudur. Budan başqa bölmənin 5 həqiqi üzvü və 4 müxbir üzvü var.

Məruzəçi vurğulayıb ki, hesabat ilində bölmənin institutlarında ümumilikdə 6 problemi əhatə edən 44 mövzu üzrə tədqiqatlar aparılıb. Bölmənin elmi müəssisələri və respublikanın ali təhsil müəssisələri elmi fundamental tədqiqatlar sahəsində 10 mühüm nəticə əldə edib. Bundan başqa 185-i xaricdə olmaqla, ümumilikdə 421 məqalə və tezis nəşr olunub ki, onlardan 6-sı kitab, 2-si monoqrafiyadır. İnstitutların əməkdaşlarının 45 məqaləsi impakt faktorlu jurnallarda çap olunub, elmi işçilərin əsərlərinə 251dəfə istinad edilib.

Ötən il AMEA Genetik Ehtiyatlar İnstitutunda ali təhsilin magistratura pilləsi yaradılıb və “Bitkilərin seleksiyası” ixtisası üzrə qəbul aparılıb.

Akademik qeyd edib ki, hesabat ilində dövlət proqramlarından əlavə, AMEA tərəfindən xüsusi maliyyələşdirilən “Genom və transkriptom səviyyəsində bitki genetik ehtiyatlarının identifikasiyası, onların saxlanılması və səmərəli istifadəsi üzrə dayanıqlı sistemin yaradılması” adlı elmi-texniki proqram üzrə də işlər həyata keçirilib. Proqram çərçivəsində Azərbaycanda ilk dəfə olaraq AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda bir həftəlik “Bitkilərin yaxşılaşdırılmasında Yeni Nəsil Sekvenserlərinin tətbiqi” adlı beynəlxalq təlim kursu təşkil edilib ki, bu da institutda aqrar elmin ən müasir istiqamətləri üzrə keçirilən digər seminar və kurslarla birgə kadr hazırlığının gücləndirilməsində, alim və mütəxəssislərin lazımi bilik və bacarıqlara yiyələnməsində mühüm mərhələ olub.

Bölmənin elmi müəssisələri “Kənd təsərrüfatı ili” ilə bağlı keçirilən sərgilərdə, o cümlədən tarla təcrübələrinin nümayişində fəal iştirak edib. Aqrar sektorda son yenilikləri və imkanları özündə əks etdirən "Tarla günləri Qəbələ-2015" adlı ümumrespublika sərgisində AMEA-ya ayrılmış sahədə ekoloji kənd təsərrüfatı metodları ilə “Sultan” noxud, “Sevinc” lobya və “Zaqatala 68” qarğıdalı bitkisinin adi qaydada və ozonlaşdırılmış toxumlarla nümunəvi əkini aparılıb. Həmçinin sərgidə yeni üzvi-mineral gübrələr (“Biomaks” və “Biohumus” vermikompostları) və bölmənin aqrar sahəyə dair nəşr nümunələri təqdim edilib.

Daha sonra bölmənin beynəlxalq əlaqələr sahəsində fəaliyyətindən danışan məruzəçi elmi müəssisələrin 14 xarici təşkilat və 30-dan çox ölkənin elm mərkəzləri ilə əməkdaşlıq etdiyini vurğulayıb. 45 ölkədən 12 beynəlxalq təşkilatı təmsil edən 150-dən çox tanınmış alim institutlarda olub. Rusiya, Gürcüstan, Türkiyə, İran və digər ölkələr, eləcə də YUNESCO ilə torpaqşünaslıq və eroziya sahəsində əməkdaşlıq əlaqələri qurulub. Bölmə institutları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Avropa Komissiyası, Ukrayna Elm və Texnologiya Mərkəzi, Milan Universiteti, FAO, CİMMYT və digər təşkilatlardan qrantlar alıb.

Tədbirdə Aqrar Elmləri Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatının təsdiq edilərək Akademiyanın illik hesabatına daxil edilməsi barədə qərar verilib. Qərarda müasir texnologiyalardan istifadə edilməklə və əlaqədar elm sahələrinin cəlb olunması ilə elmi tədqiqatların multidissiplinar yöndə aparılması və digər məsələlərlə bağlı müddəalar öz əksini tapır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.nizamimuseum.az saytına istinad zəruridir.