www.science.az
03.02.2016 16:55

AMEA-nın İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

Fevralın 3-də AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının mülki müdafiə qərargah rəislərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan şöbənin rəisi Eldar Quliyev gündəlikdə duran məsələlər barədə məlumat verib. O, 2016-cı il üçün hazırlanmış mülki müdafiə tədbirlər planına uyğun olaraq İkinci Xüsusi şöbə tərəfindən AMEA-nın institut və təşkilatlarının MM qərargah rəislərinin iştirakı ilə müxtəlif seminar-məşğələlərin keçiriləcəyini bildirib. Qeyd edib ki, seminarlar Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel Fərmanı ilə təsdiq edilmiş "Mülki müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə", Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli Qərarının və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin MM qoşunlarının komandanlığının tövsiyələri əsasında təşkil olunacaq.

E.Quliyev bildirib ki, seminar-məşğələnin keçirilməsində məqsəd ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunmaq üçün öncədən profilaktik tədbirlərin görülməsi, elmi müəssisələrdə fəaliyyət göstərən əməkdaşların maarifləndirilməsi, onların MM hazırlığının yoxlanılmasıdır.

Qeyd olunub ki, rəhbər heyətin MM məşqləri ildə bir dəfə təşkil olunur. Məşqlər zamanı rəhbər heyət obyektin MM planına əsasən özünün xidmət vəzifələrini öyrənir. 2015-ci ildə II Xüsusi şöbə tərəfindən elmi müəssisələrdə aparılan yoxlamalar zamanı rəhbər heyətin MM məşqlərinin keçirilməsində nöqsanların mövcud olduğu məlum olub. II Xüsusi şöbənin rəisi Eldar Quliyev institut və təşkilatların MM qərargah rəislərinə tədbirlərin keçirilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tövsiyələrini verib.

Tədbirdə MM əmlakının fərdi mühafizə vasitələrinin saxlanılması, istifadəyə yararlılığı, saxlanma qaydalarına düzgün riayət edilməsi qaydaları diqqətə çatdırılıb.

Daha sonra şöbənin baş mütəxəssisi Əlimərdan Məhəmmədov rəhbər heyətin MM məşqlərinin metodikası ilə bağlı çıxış edib. Məşq zamanı rəhbər və komandir-rəis heyətlərinin hərbiləşdirilmiş dəstələrinin MM hazırlanması qaydalarının metodikası nəzərə çatdırılıb, mövcud nöqsanların aradan qaldırılması istiqamətində lazımi tapşırıqlar verilib.

Seminarda, həmçinin ehtimal olunan fövqəladə hadisələr zamanı işçilərin davranış qaydaları barədə biliklərinin artırılması məqsədilə məşq və məşğələlərin təşkili, bu istiqamətdə görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

Həmçinin MM qərargah rəislərinə 1 Mart - Ümumdünya Mülki Müdafiə günü münasibətilə elmi müəssisə və təşkilatlarda tədbirlər plana uyğun olaraq seminarların keçirilməsi tövsiyə olunub.

Sonda bir sıra cari məsələlərə baxılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.