www.science.az
03.02.2016 13:19

AMEA-nın Ədəbiyyat İnstitutunda Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

Fevralın 3-də AMEA Ədəbiyyat İnstitutunun Elektron akt zalında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr edilən elmi sessiya keçirilib.

AMEA Rəyasət Heyəti və Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli milli ədəbi-ictimai fikir tarixinə töhfələr vermiş C.Hacıbəylinin həyat və fəaliyyətindən, mədəniyyətimizin inkişafı və təbliği sahəsindəki mühüm xidmətlərindən söz açıb.

Tədbirin Prezident İlham Əliyevin “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 19 noyabr tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyən akademik İsa Həbibbəyli qeyd edib ki, Ceyhun Hacıbəyli Azərbaycan xalqının zəngin mədəni nailiyyətlərinin dünyaya tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərmişdir.

Bildirilib ki, adı Azərbaycanın azadlıq tarixinə qızıl hərflərlə yazılmış C.Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə əqidə və amalından dönməmiş, son nəfəsinədək sovet imperiyası ilə ideoloji mübarizə aparmış, Azərbaycanın müstəqilliyi uğrunda çalışmışdır.

İ.Həbibbəyli Ceyhun Hacıbəylinin irsinin toplanılmasının, sistemli, ardıcıl şəkildə araşdırılmasının və nəşr edilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, C.Hacıbəylinin irsi ölkəmizdə tədqiq olunur. İnstitutun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi tərəfindən görkəmli ədibin əsərlərindən ibarət kitab çapa hazırlanıb.

Tədbirdə “Ceyhun Hacıbəylinin bədii yaradıcılığı”, “Ceyhun Hacıbəyli və Qarabağ folkloru”, “Ceyhun Hacıbəylinin siyasi fəaliyyəti” və digər mövzularda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.