www.science.az
03.02.2016 09:15

Dünya şöhrətli alim Lütfi Zadənin 95 yaşı tamam olur

Fevralın 4-də dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlist məntiq nəzəriyyəsinin ixtiraçısı, Kaliforniyanın Berkli Universitetinin professoru Lütfi Zadənin 95 yaşı tamam olur.

1921-ci il fevralın 4-də Bakıda dünyaya göz açan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurub. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalıb. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Bu təhsil ocağını da müvəffəqiyyətlə başa vurduqdan sonra 23 yaşında Amerika Birləşmiş Ştatlarına gələrək, təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Onun dünya elminə məlum olan 6 mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulub.

L.Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda (ABŞ) və Kolumbiya universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetində fəaliyyət göstərir, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edir.

Lütfi Zadəyə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsidir. Alimin 51 il öncə işləyib hazırladığı sözügedən nəzəriyyə bir çox şirkətlərə böyük nüfuz qazanmaq və yüksək gəlir əldə etmək imkanı yaradıb.

Alim, eyni zamanda “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompyuter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir. 

Onun haqqında “Müasir elmin korifeyi”, “Dünya dahilərsiz yaşaya bilmir” adlı kitablar yazılıb, “Uzaq və yaxın Lütfi Zadə” sənədli filmi çəkilib, Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb. 

L.Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. 

Dünya şöhrətli alim sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında  “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlib. O, AMEA Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak edib, ona elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunub. Xalqımız və dövlətimiz alimin fəaliyyətini yüksək qiymətləndirir, onunla qürur duyur. 

Hazırda Yaponiyanın “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

Qeyd edək ki, L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - “Honda” mükafatı ilə təltif olunub. 

Lütfi Zadə hazırda Berkli Universitetinin Elektronika kafedrasının müdiridir. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Professor Lütfi Zadə yaşının bu müdrik çağında da böyük əzmlə çalışır. O, NASA-nın və NATO-nun aparıcı mütəxəssisidir. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan “İnstitute Zadeh-ZİFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edir. Məlumat üçün bildirək ki, Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcuddur. 

L.Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur.  Dünya şöhrətli alim, həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, fəxri akademiki seçilmişdir. 

Dünya şöhrətli alimi 95 yaşı münasibətilə ürəkdən təbrik edirik, ona can sağlığı, yeni nailiyyətlər arzulayırıq! 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.