www.science.az
02.02.2016 21:28

İstedadlı və yaradıcı gənclər mükafatlandırılıb

Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə Nizami Kino Mərkəzində istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Milli Məclisin deputatları, Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, müxtəlif sahələrdə fərqlənən gənclər və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan gəncliyindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə AR Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün qətiyyətlə həyata keçirilən dövlət gənclər siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını yüksək səviyyədə qeyd edirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlərdən danışan A.Rəhimov “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıq prosesində və yarışların keçirilməsi zamanı könüllülərin mühüm rol oynadıqlarını söyləyib.

Nazir bildirib ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bir qrup gənclə görüş keçirib. Prezidentin gənclərə göstərdiyi diqqət hər birimiz üçün həm fərəh, həm də məsuliyyət və çağırışdır.

Diqqətə çatdırılıb ki, zamanın yeniləşən çağırışlarına uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti nəticəsində dövlətin gənclər siyasəti uğurla inkişaf edir, məzmunca zənginləşir və intensivləşir.

Sonra gənclər üçün Prezident mükafatına layiq görülmüş şəxslər mükafatlandırılıblar. Dövlət gənclər siyasətinin əsas istiqamətləri kimi həyata keçirilmiş müxtəlif tədbirlərdə yüksək nəticə göstərənlər də Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı” ilə təltif olunublar.

Daha sonra 2016-cı il üçün Azərbaycanın “Gənclər paytaxtı” elan olunub. “www.genclerpaytaxti.az” saytında keçirilmiş səsvermənin nəticələrinə əsasən, Şəmkir şəhəri 2016-cı il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilib.

Tədbir konsert proqramı ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.