Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.01.2016 16:56
  • A-
  • A
  • A+

AMEA Yer Elmləri Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı dinlənildi

AMEA Yer Elmləri Bölməsinin  2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı dinlənildi

Yanvarın 29-da AMEA Rəyasət Heyətində Yer Elmləri Bölməsinin (YEB) növbəti iclası keçirildi.

İclasda bölmənin büro üzvləri, Geologiya və Geofizika, Coğrafiya institutlarının və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktorları, elmi işlər üzrə direktor müavinləri və elmi katibləri, BDU, ADNA, ARDNŞ və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan YEB-in akademik-katibi, akademik Fəxrəddin Qədirov iclasın gündəliyinə bölmənin illik hesabatının, elmi-tədqiqat müəssisələrinin 2015-2016-cı tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulunun nəticələrinin müzakirəsinin daxil edildiyini söylədi. 

Tədbirdə YEB üzrə dissertant və doktorantların dissertasiya mövzuları müzakirə edildi. Mövzular ətrafında fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi.

İclasda, həmçinin digər elmi-tədqiqat və təhsil müəssisələrindən geologiya, geofizika və seysmologiya üzrə alınan mühüm nəticələr ətrafında müzakirələr aparıldı.

Bölmənin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatla çıxış edən akademik Fəxrəddin Qədirov bildirdi ki, hesabat ilində elmi-tədqiqat işlərinin planına həm fundamental, həm də tətbiqi xarakterli elmi-texniki tədqiqatlar daxil edilmişdir.

Akademik F.Qədirov qeyd etdi ki, bölmənin institutlarında tədqiqatlar 14 problemi əhatə edən 35 mövzu üzrə aparılmış, 5 mövzu tamamlanmış, 4 mühüm nəticə əldə edilmiş, 3 iş isə tətbiq olunmuşdur. Bölmə institutlarının ixtisaslaşdırılmış müdafiə şuralarında 6 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir. Hazırda bölmənin elmi müəssisələrində 53 fəlsəfə doktorluğu hazırlığı üzrə doktorant (18 əyani, 35 qiyabi) təhsil alır. 

Hesabat ilində YEB müəssisələri Respublika Prezidenti tərəfindən təsdiq edilmiş və bölmənin elmi və texnoloji potensialının istifadəsini nəzərdə tutan bir sıra Dövlət Proqramlarına daxil olan tədbirləri icra etmişlər.

İclasda elmi nəşrlərlə bağlı statistik məlumatlar diqqətə çatdırıldı. Qeyd olundu ki, ötən il ərzində 12 kitab və 4 monoqrafiya çapdan çıxmışdır. Həmçinin 260 məqalə və 74 tezis nəşr olunmuşdur. 2015-ci ildə bölmə əməkdaşlarının nəşr etdirdiyi məqalələrdən 24-ü impakt faktorlu jurnallarda nəşr olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ARDNŞ  Elmin İnkişafı Fondundan qrantlar alınmışdır.

Bildirildi ki, ötən il bölmə alimləri Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, "Şöhrət" ordenləri, "Tərəqqi" medalı, "Əməkdar mühəndis" fəxri adına layiq görülüblər. 

Hesabata dair çıxışlar dinlənildi, bölmənin 2015-ci ildəki fəaliyyəti yüksək qiymətləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: