www.science.az
29.01.2016 09:18

AMEA-nın müxbir üzvü Validə Əli-zadənin 70 yaşı tamam olur

Yanvarın 31-də Azərbaycanın tanınmış bioloq alimi, “Şöhrət” ordenli, Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əli-zadənin 70 yaşı tamam olur.

Validə Mövsüm qızı Əli-zadə 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir.

V.Əlizadə 1974-cü ildə namizədlik (Moskva), 1994-cü ildə doktorluq (Bakı) dissertasiyalarını müdafiə etmiş, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

1971-1973-cü illərdə Azərbaycan EA Botanika İnstitutunda baş laborant, 1973-1980-ci illərdə kiçik elmi işçi, 1980-1994-cü illərdə böyük elmi işçi, 1994-1995-ci illərdə aparıcı elmi işçi, 1995-ci  ildən isə şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1996-2011-ci illərdə AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2011-ci ildən AMEA Botanika İnstitutunun direktorudur.

Alimin elmi fəaliyyətinin əsasını ətraf mühitin gərginliyi şəraitində bitkilərin formalaşması, davamlılığının hüceyrə və molekulyar mexanizmləri, ətraf mühitin çirklənməsinin bioindikasiyası və remediasiyasında yerli floranın bəzi növlərinin rolu kimi bitkilərin ekoloji fiziologiyası probleminin öyrənilməsi təşkil edir. Eyni zamanda, biomüxtəliflik, onun qorunması və davamlı inkişafı istiqaməti də onun elmi maraq dairəsini əhatə edir. Bu sahədə son on ildə yerli və Qafqaz florasının endem və nadir növlərinin biomüxtəlifliyinin öyrənilməsi, bitki növlərinin analizi, onların statusunun müasir kateqoriya və kriterilərə uyğun qiymətləndirilməsi və onların saxlanılması yollarının araşdırılması istiqamətində böyük nailiyyətlər əldə edilmişdir. 2013-cü ildə V.Əli-zadənin məsul redaktor kimi fəaliyyəti sayəsində “Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki və göbələklərinin Qırmızı Kitabı”nın 2-ci nəşri çap olunmuşdur. Alimin elmi əsərləri həm ölkəmizdə, həm də xaricdə tanınır.

1998-ci ildən başlayaraq müxtəlif beynəlxalq elmi proqramlarda fəal iştirak etmiş və dəfələrlə xarici həmkarlarla müştərək elmi layihələrin milli koordinatoru və iştirakçısı olmuşdur. O, 200-ə yaxın elmi əsərin, o cümlədən 2 ixtiranın müəllifidir.

Alimin rəhbərliyi ilə 5 fəlsəfə və 1 elmlər doktoru hazırlanmışdır.

Alim 1994-cü ildən Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, 2009-2010 və 2015-2016-cı illərdə isə sədri təyin edilmişdir. 1994-2000-ci illərdə və 2010-ci ildən indiyədək “Azərbaycan MEA Xəbərlər” (Biologiya elmləri seriyası) jurnalının redkollegiyasının, 1997-2002-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya elmləri üzrə Ekspert Şurasının üzvü olmuşdur. 2010-cu ildən “Bioetika, Elm və Texnologiyaların Etikası” (UNESCO) üzrə Azərbaycan Milli Komitəsinin üzvüdür, 2013-ci ildən isə AMEA-nın Biologiya vı Tibb Elmləri Bölməsinin büro üzvüdür. V.Əlizadə 1996-cı ildən Azərbaycan Botaniklər Cəmiyyətinin, Azərbaycan və Rusiya bitki fizioloqları və biofizikləri cəmiyyətlərinin, 2002-ci ildən isə Avropa Bitki Fizioloqları Cəmiyyətinin üzvüdür. 1997-1998-ci və 2015-ci illərdə o, Bakı Dövlət Universitetinin biologiya fakültəsində dövlət imtahanı komisiyasının sədri kimi fəaliyyət göstərmişdir. Alim Avropa və Mərkəzi Asiya üçün Biomüxtəliflik və Ekosistem üzrə Hökümətlərarası elmi-siyasət Platformasının (İPBES) aparıcı eksperti seçilmişdir (2015-2017).

1993-cü ildə V.Əl-izadə Beynəlxalq elm fondu fərdi qrantı ilə mükafatlandırılmış, 2005-ci və 2011-ci illərdə elmi-pedoqoji və təşkilatçılıq sahəsində nümunəvi xidmətlərinə görə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmiş, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Şöhrət” Ordeninə layiq görülmüşdür.

Biologiya sahəsində görkəmli alimi 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir