www.science.az
28.01.2016 12:38

AMEA Botanika İnstitutunda innovativ layihələr həyata keçirilir

Təbii resursların mühafizəsi və davamlı inkişaf  XXI əsrin ən əhəmiyyətli və qlobal problemi olaraq dünya dövlətlərinin daim diqqət mərkəzindədir. Təbii resursların ayrılmaz hissəsi olan bioloji müxtəlifliyin xarakteristikası dayanıqlı iqtisadi inkişafı təmin etmək üçün öz bioloji resurslarını saxlamağa çalışan ekoloji dövlət siyasətinin əsasları rolunda çıxış edir.

Son zamanlar baş verən güclü antropogen təsir nəticəsində ekosistemlərin deqradasiyası baş verir ki, bu da bir sıra növlərin yox olmasına və ya onların sayının kəskin azalmasına səbəb olur. Biomüxtəlifliyin sürətli itkisi Yer kürəsini təhlükə qarşısında qoyaraq bütovlükdə qlobal fəlakətlərə yol açır. Bu da dünya, eləcə də Azərbaycan alimləri qarşısında ciddi vəzifələr qoyur. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu istiqamətdə konkret addımların atılması və müsbət nəticələrin əldə edilməsinə geniş imkanlar yaradır.

AMEA alimləri genetik resursların öyrənilməsi və səmərəli istifadəsi, bioloji müxtəlifliyin gələcək nəsillər üçün saxlanılması, ekoloji təhsilin stimulyasiyaları, endemik bitki aləmi və yerli faunanın nadir növlərinin bərpası prosesində fəal iştirak edirlər. Bu tədqiqatlar yoxsulluq problemlərinin həlli,ekoloji balansın tənzimlənməsi, ekoloji vəziyyətin və davamlı inkişafın yaxşılaşması, ətraf mühitə neqativ təsirin azaldılması üçün mühüm əhəmiyyət kəsb edir.

AMEA-nın Botanika İnstitutunda da Azərbaycanın flora müxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi, canlıların həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsasları istiqamətində tədqiqatlar aparılır.

1936-cı ildə təsis olunmuş bu elmi qurumun ilk direktoru Qafqaz florasının görkəmli tədqiqatçısı akademik A.A.Qrossheym olmuşdur. Hazırda institutun alimləri tərəfindən 32 fəsilə 178 cinsə aid 588 növ, o cümlədən 18 fəsilə 36 cins və 200-ə qədər yeni növlər daxil edilmiş "Azərbaycan florası"nın eni nəşrin I cildi Azərbaycan dilində çapa təqdim edilmişdir. II cild üçün 24 fəsilə 91 cins 410 növ hazırlanmışdır.

Bu gün Botanika İnstitutu prioritet elmi istiqamətlərdə əldə etdiyi mühüm nəticələrlə AMEA-nın öndə gedən qurumlarından biridir. İnstitutda son zamanlar həyata keçirilən innovativ layihələr haqqında ətraflı məlumat əldə etmək üçün qurumun  direktoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Validə Əli-zadə ilə həmsöhbət olduq.

Belə ki, AMEA Rəyasət Heyətinin 17 sentyabr 2014-cü il tarixli qərarı ilə institutda beynəlxalq laboratoriyalar təsis edilmişdir. AMEA Botanika İnstitutu və Almaniyanın Frankfurt Universitetinin Ekologiya, Təka­mül və Müxtəliflik Departamenti ilə əməkdaşlıqda “Biomüxtəliflik və iqlim dəyişmələri” adlı beynəlxalq labo­ra­toriyadır. Azərbaycanda Biomüxtəlifliyin Mühafizəsi Milli Strategiyası və Bitkilərin Qorunmasının Qlobal Strategiyasının (GSPC 2011-2020) həyata keçirilməsinə istiqamətləndirilmiş bu laboratoriya biologiya elminin ən aktual məsələlərindən biri kimi iqlimin təsiri ilə bitki müxtəlifliyində baş verən dəyişiklikləri, onlarin adaptasiya poten­sialı və davamlı inkişafını vaxtında sənədləşdirməyə imkan yaradacaq.

AMEA Botanika İnstitutu və ABŞ-ın Ayova Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində  yaradılmış “Meşə mikologiyası və patologiyası” adlı digər beynəlxalq laboratoriya uzunmüddətli müştərək iş təcrübəsinə əsaslanır. Laboratoriya müasir mor­foloji və molekulyar yanaşmalarla meşə ağaclarının göbələklərini növ və populyasiya səviyyəsində tədqiq etmək, patogen və kritik növlərin filogeniyasını nəzərdən keçirmək, onların yayıl­masında işti­rak edən vektorları araşdırmaq kimi elmi və praktiki məqsədlər daşıyacaq. Ümumilikdə, bu müasir texniki təminatlı laboratoriyalar yüksək səviyyədə beynəlxalq əməkdaşlıq çərçivəsində yüksəkixtisaslı kadrların hazırlanması, həmçinin, tədqiqatların müasir üsul və texnologiyalarla aparılması, beynəlxalq elm və təhsil əlaqələrinin möhkəmlənməsi və tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasına şərait yaradacaq.

AMEA Botanika İnstitutu  Riyaziyyat və Mexanika İnstitutu ilə birgə “Azərbaycan florasında endem və nadir bitkilərin növ müxtəlifliyinin azalma və itmə təhlükəsinin proqnozlaşdırılması” mövzusunda sahələrarası elmi-tədqiqat işini də həyata keçirir.

İnstitutun Elektron Məlumat Bazasının ilkin informasiya daşıyıcısı “Azərbaycanın nadir və endem bitkilərinin elektron-məlumat bazası”dır. Burada Nadir və nəsli kəsilməkdə olan bitki növləri haqqında 28 parametr üzrə bölünmüş və formalizə edilmiş məlumatlar yer alır. EMB-nın hazırki informasiya massivi Azərbaycanın Qırmızı kitabına daxil olan  300 nadir növdən 100 bitki növü haqqında məlumatları özündə cəmləşdirir.

İnstitutda AMEA-nın müxbir üzvü Validə Əli-zadənin rəhbərliyi altında populyasiya-ontogenetik analizi üçün nadir bitkilərin siyahısı tərtib olunmuş, populyasiyaların ontogenetik  strukturunun kompleks parametrlərinin müəyyənləşdirilməsinə yönəldilmiş xüsusi monitorinq sistemi işlənib hazırlanmışdır. Bu istiqamətdə  cari ilin aprel ayında layihə iştirakçıları tərəfindən Azərbaycanın müxtəlif bölgələrində çoxsaylı çöl tədqiqatları aparılır.  İlk dəfə respublikada  Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş nadir növlərin populyasiyalarının vəziyyəti ətraflı öyrənilmiş, AMEA Elmi İnnovasiyalar Mərkəzi və Riyaziyyat İnstitutu iştirakçıları tərəfindən yaradılmış dinamik məlumat bazasına daxil edilmişdir. Buradakı müxtəlif göstəricilərilə yanaşı, bitkilərin növ tərkibində və dinamikasındakı dəyişiklikləri təhlil etməyə və ümumiləşdirməyə imkan verən parametrlər daxil edilmiş və hər bir növün yayılması üzrə elektron xəritənin onlayn istifadəsi üçün imkan yaradılmışdır.

Eyni zamanda müxtəlif populyasiyaların ontogenetik vəziyyətlərdə yaşam qabiliyyətini modelləşdirməyə imkan verən bir çox riyazi yaxınlaşmalara dair tədqiqatlar aparılır. Layihənin gələcək mərhələlərində təhlil zamanı riyazi modelləşdirmə imkanlarının tətbiqi ilə  Azərbaycanın Qırmızı kitabına daxil edilmiş itmə təhlükəsində olan nadir bitki növlərinin populyasiya səviyyəsində sistemləşdirilməsi, informativ və vacib göstəricilər üzrə proqnozlaşdırılması və bunun əsasında yeni mühafizə strategiyalarının hazırlanması onların gələcək dinamikası baxımından perpsepektivlərə yol açır.

İnnovativ texnologiyaların tətbiqi və qida  təhlükəsizliyi üzrə layihə

AMEA Botanika İnstitutu və Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz (İCBA) arasında elmi-tədqiqat işlərinin aparılmasına dair rəsmi razılaşma əsasında İslam İnkişaf Bankının dəstəyilə “Aral-Xəzər dənizi hövzələrinin azməhsuldar torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi” mövzusunda layihə uğurla həyata keçirilir.

Azərbaycanda Kür-Araz ovalığının  şoranlaşmış və az məhsuldar torpaqlarında duza davamlı, geniş istifadə aspektli məhsullar, ağaclar və halofitlərin qiymətləndirilməsi və  davamlı istifadə vasitəsilə məhsuldarlığın və qida təhlükəsizliyinin yüksəldilməsi layihənin əsas məqsədidir. Bu istiqamətdə arid ərazilərdə ekosistemlərin stabil fəaliyyətinə aid bir sıra yeni nəticələr əldə olunmuşdur. Kür-Araz ovalığının deqradasiya olunmuş əraziləri və bitki örtüyü tədqiq edilmiş, azməhsuldar resursların fitobərpası üçün duzadavamlı yabanı bitki növlərinin otlaq kulturalarına introduksiya edilməsinə əsaslanan bioloji texnologiya işlənib hazırlanmışdır.

“Azərbaycanın yaşıl xəzinəsi” innovativ muzey

Botanika elminin təbliği məqsədilə İnstitutda Botanika Muzeyi yaradılmışdır. Bu sahədə Botanika İnstitutu ilə Fribourq Təbiət Tarixi Muzeyi və Fribourg Universiteti ilə Əməkdaşlıq haqqında Memorandum çərçivəsində 2010-2014-cü illərdə həyata keçirilən müştərək layihə nəticəsində ilk dəfə olaraq Isveçrə təcrübəsinin innovativ aspektləri tətbiq edilmişdir. 2014-cü il mayın 2-də yerli və beynəlxalq elmi və dövlət qurumlarının məsul şəxslərinin iştirakı ilə Muzeyin təntənəli açılış mərasimi və İsveçrədə NG Tornay Dizayn Kompaniyası tərəfindən hazırlanmış “Azərbaycanın yaşıl xəzinəsi” mövzusunda sərgi keçirilmişdir. Sərgidə Azərbaycanın Hirkan meşələrinin on əsas klassik relikt ağac növünün yayılma ərazilərini, florası, biocoğrafiyası və ekologiyasını əks etdirən xüsusi nümunələr silsiləsindən ibarət ətraflı məlumat nümayiş etdirilir.

AMEA Botanika İnstitutunda Birləşmiş Krallığın Botanika Bağlarının “Minilliyin Toxum Bankı” ilə müştərək layihələr həyata keçirilir

2013-cü ildən AMEA Botanika İnstitutu ilə MTB arasında imzalanmış memoranduma əsasən “Qafqaz florasının mühafizəsi” proqramı çərçivəsində “Azərbaycanın yabanı bitki növlərinin toxumlarının toplanması” layihəsi həyata keçirilir. Layihə çərçivəsində çoxsaylı monitorinqlər zamanı toplanmış 100-dən çox nadir və endem bitkiyə aid toxum kolleksiyası və ona aid məlumat bazası mühafizə məqsədilə Minilliyin Toxum Bankında və eyni zamanda, AMEA Botanika İnstitutunda yeni yaradılan Toxum Bankında saxlanılır.

Layihə çərçivəsində Azərbaycanın dəniz səviyyəsindən 1000-1500 m hündürlükdə olan müxtəlif rayonlarına təşkil edilmiş müştərək ekspedisiyalarda müasir səviyyədə aparılan monitorinqlər zamanı nadir bitki növünün toxumu və herbari nümunələri yığılaraq coğrafi göstəriciləri müəyyən edilib və populyasiyalar haqqında məlumatlar toplanılıb.

AMEA Botanika İnstitutunun Herbarisində 600 000 nüsxədən ibarət zəngin herbari kolleksiyası saxlanılır

Respublikada nümunələrin sayına görə ən qədim və böyük Herbari fondu 1936-cı ildə AMEA Botanika İnstitutunda fəaliyyətə başlamışdır.

Herbari kolleksiyası yalnız qurudulmuş bitkilərin emalı və sənədləşdirilməsindən ibarət deyil, həm də qeyri-məhdud uzun müddət saxlama və elmə xidmət məqsədilə onlardan düzgün istehsal, rəsmiləşdirmə və istifadəni nəzərdə tutur. Herbari bitkilərin ekoloji, coğrafi və fərdi dəyişkənliyinin tədqiqatı üçün istifadə olunur. Bununla bərabər, herbari bu və ya digər regionun bitki aləminin tərkibini və növlərin yayılmasını sənədlərlə əsaslandıraraq bitki aləminin dəyişikliyi haqqında məlumatları vaxtı-vaxtında verir.

Qafqazda ən mühüm Herbari kolleksiyası sayılan AMEA Botanika İnstitutunun Herbarisində Azərbaycan və digər ölkələrin flora növlərinin, həmçinin ilk dəfə elm üçün Azərbaycan ərazisindən təsvir edilmiş bitki növlərinin tip nümunələrini əks etdirən 600 000 nüsxədən ibarət zəngin herbari kolleksiyası saxlanılır. Herbari kolleksiyasında yalnız Azərbaycanın və Qafqazın deyil, həm də bir çox qonşu ölkələrin bitki aləminə dair nümunələr təqdim edilmişdir.

Kolleksiyanın dəyərliliyi nəzərə alınaraq 2009-cu ildə AMEA Botanika İnstitutu və Almaniyanın Berlin Botanika Bağı və Botanika Muzeyi arasında imzalanmış razılaşma memorandumunda Azərbaycanda müasir Botanika elminin inkişafına xidmət edəcək digər məsələlərlə yanaşı, olduqca əhəmiyyətli herbari materiallarının qorunması üçün tədbirlər həyata keçirilib.

İmzalanmış uzunmüddətli Memorandum əsasında Almaniyanın Volksvagen Fondunun dəstəyilə ilə 2012-2014-cü illərdə müştərək həyata keçirilən  layihə çərçivəsində Botanika İnstitutunun Herbari Fondunun infrastrukturu yenilənmiş, qiymətli kolleksiyası üzrə məlumat bazası yaradılmışdır. Bu gün institutda fəaliyyət göstərən gənc mütəxəssislər botanikanın müasir sahələri üzrə Almaniyada magistr və doktorluq pillələri üzrə təhsil alırlar.

Həmçinin,  15 may 2014-cü il tarixində Berlin Botanika Bağı və Botanika Muzeyində AMEA-nın Botanika İnstitutunun iştirakı ilə Avropada Qafqaz ölkələrinin bitki müxtəlifliyi, tarixi istifadəsi və mühafizəsinə həsr edilən ilk “Qara dəniz və Xəzər dənizi arasında bitki aləmi” mövzusunda Sərginin açılışı olmuşdur. Berlin Botanika Bağının canlı kolleksiyasında ilk dəfə olaraq Azərbaycan ərazisi qeyd edilmiş və onu əks etdirən bitki növlərinin spektri genişləndirilmişdir. Bu layihənin nəticələri uğurlu hesab edilmiş və Volksvagen Fondu tərəfindən 2015-ci ildən yeni üçillik layihənin həyata keçirilməsi təsdiq edilmişdir.

Hazırda Herbari fondu növ­lərinin rəqəmsallaşdırılması və virtual Avropa məlumat bazasına qoşulması üzrə işlər davam etdirilir. Fondun müasir standartlara cavab verən ən son avadanlıqlarla təchiz edilməsi tip numunələrinin beynəlxalq şəkildə onlayn istifadəsinə geniş imkanlar yaratmışdır.

Bu il 80 yaşını qeyd etməyə hazırlaşan və mühüm elmi nailiyyətlərə imza atmış AMEA Botanika İnstitutu hazırki fəaliyyətində də elmin müxtəlif istiqamətləri üzrə tədqiqatların səmərəliliyinin artırılması, zamanın tələb etdiyi sürətli inkişaf tempinə uyğun islahatlar aparılması və Azərbaycan elminin dünya səviyyəsində layiqincə təmsil olunmasını əsas tutur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir