www.science.az
22.01.2016 16:49

AMEA-nın prezidenti Azərbaycanın Bolqarıstana yeni təyin olunmuş səfiri ilə görüşüb

AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanovanı qəbul edib.

Akademik Akif Əlizadə qonağı salamlayaraq, onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Akademiyanın yaranma tarixi və inkişaf istiqamətləri barədə səfirə məlumat verən akademik A.Əlizadə bildirib ki, ötən il AMEA-nın təntənəli şəkildə qeyd edilmiş 70 illik yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək institut və təşkilatların gələcək fəaliyyətini müəyyən edən elmi prioritetlər irəli sürüb. Akademik Akif Əlizadə ölkə rəhbərliyi tərəfindən elmə, o cümlədən AMEA-ya böyük diqqət və qayğının göstərildiyini vurğulayıb. O, AMEA-da magistratura təhsilinin təşkili sahəsində görülən işlərdən də danışaraq bildirib ki, əgər ötən il magistraturaya 9 ixtisas üzrə qəbul baş tutmuşdursa, bu il artıq 63 ixtisas üzrə qəbul aparılacaq. AMEA rəhbəri bu faktı elm və təhsilin inteqrasiyası istiqamətində mühüm addım kimi dəyərləndirib.

Azərbaycanla Bolqarıstanın elmi əlaqələrindən bəhs edən akademik Akif Əlizadə iki ölkənin akademiyaları arasında əməkdaşlığa dair sənədin imzaya hazır olduğunu bildirib.

Səmimi qəbula görə AMEA rəhbərliyinə öz minnətdarlığını bildirən Nərgiz Qurbanova qeyd edib ki, ötən il Azərbaycan Respublikası Prezidentinin Bolqarıstana səfəri çərçivəsində ölkələr arasında strateji əməkdaşlıq haqqında mühüm sənəd imzalanmışdır. N.Qurbanova əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrə, o cümlədən elm sahəsinin inkişafına öz töhfəsini verəcəyini vurğulayıb. O, akademiyalar arasında sıx əməkdaşlığın qurulması istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Sonda akademik Akif Əlizadə xanım səfirə xatirə hədiyyələrini təqdim edib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Rəyasət Heyati aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev və İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir