Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.01.2016 13:33
  • A-
  • A
  • A+

Məktəblilər AMEA-nın Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağında aparılan müasir tədqiqat işləri ilə tanış olublar

Məktəblilər AMEA-nın Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağında aparılan müasir tədqiqat işləri ilə tanış olublar

Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri AMEA-nın Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağında olublar. Məqsəd botanika sahəsində aparılan müasir tədqiqat işləri ilə tanış olmaq və şagirdlərin bu fənn üzrə əldə etdikləri nəzəri biliklərinin praktiki yolla möhkəmləndirilməsi  idi.

Şagirdlərə Azərbaycanın zəngin bitki müxtəlifliyi, onların qorunmasında və tədqiqində institutun Herbari Fondunun rolu barədə məlumat verilib, onlara Fondda saxlanılan bəzi tarixi nüsxələr göstərilib, həmçinin, herbari nümunələrinin hazırlanması və rəqəmsallaşdırılaraq Avropa məlumat bazasına daxil edilməsi nümayiş etdirilib.

Azərbaycanın Hirkan meşələrinin bəzi relikt ağac növlərini əks etdirən “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi və Muzeyin interaktiv vasitələrlə təchizi məktəblilərin marağına səbəb olub. Onlara relikt ağaclardan bəziləri ilə Botanika Bağının canlı kolleksiyasında tanış olmaq imkanı da yaradılıb. Şagirdlər Bağa introduksiya olunmuş müxtəlif bitkilərlə (Azərbaycan florasına aid endem və nadir  bitkilər, dərman bitkiləri və s.) əyani tanış olmaqla yanaşı, bu bitkilərin təbii yayılma əraziləri, onların əhəmiyyəti, mühafizə problemləri haqda da geniş məlumat əldə ediblər.

Məktəbin botanika müəllimi Adil Cəfərov görüşün şagirdlərin botanika fənni üzrə qazandıqları biliklərin ümumiləşdirilməsi və dərinləşməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının rəhbərliyi və əməkdaşlarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: