www.science.az
19.01.2016 18:24

Şəki Regional Elmi Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

AMEA Şəki Regional Elmi Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə mərasim iştirakçıları Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü 1990-cı ilin 20 Yanvar gününün Azərbaycan tarixinə yalnız bir faciə günü kimi yazılmadığını, onun həm də xalqımızın müstəqillik iradəsinin sarsılmazlığını dünyaya nümayiş etdirən bir qəhrəmanlıq tarixi olduğunu bildirib. O, həmin ağır günlərdə ulu öndər Heydər Əliyevin respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz xalqı ilə həmrəyliyini nümayiş etdirdiyini vurğulayıb. Qeyd edib ki, məhz dahi rəhbərin siyasi hakimiyyətə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilib.

20 Yanvarın tariximizin həm qanlı, həm də şanlı səhifəsi olduğunu qeyd edən mərkəz direktoru şəhidlərin müqəddəs xatirəsinin daim uca tutulacağını diqqətə çatdırıb.

Sonra mərkəzin elmi işçisi, o illərin canlı şahidi olmuş tarixçi-alim Həbibulla Manaflı 20 Yanvar hadisələrinin dəhşətlərindən danışıb, bu faciənin yaddan çıxmayacağını bildirib.

Mərasimdə mərkəzin kiçik elmi işçisi Elçin Vəliyev, elmi işçi Aygün İsmayılova, böyük laborant Reyhan Məcidova və digər çıxış edənlər də Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini hər zaman ehtiramla yad edəcəklərini bildiriblər.

Sonda 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən videomaterial nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir