www.science.az
19.01.2016 14:02

Azərbaycan-Çin elmi əlaqələrində növbəti addım

Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının dəvəti ilə Pekində səfərdə olmuş və hər iki tərəf arasında mühüm razılaşma əldə edilmişdir. Səfərdə əsas məqsəd Azərbaycan və Çin Xalq Respublikası arasında elmi əlaqələrin yeni mərhələdə inkişaf etdirilməsi, konkret istiqamətlər üzrə sistemli müştərək layihələrin həyata keçirilməsini təmin etmək idi.

Səfərin nəticəsi olaraq AMEA Rəyasət Heyətinin tərkibində Azərbaycan-Çin əlaqələri üzrə İşçi qrupu yaradılmış və İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova sədr təyin edilmişdir.

İşçi qrupunun sədri, AMEA-nın müxbir üzvü Nərgiz Axundova və Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsində fəaliyyət göstərən Çin Mədəniyyət Mərkəzində olublar.

Çin Mədəniyyət Mərkəzinin koordinatoru Nərgiz Kərimova qonaqlara mərkəzin fəaliyyət istiqamətləri və perspektivləri barədə məlumat verib.

AMEA-nın müxbir üzvü Nərgiz Axundova Çində keçirilən görüşlərdə ölkələrarası elmi əlaqələrin prioritetləri və qarşılıqlı maraq doğuran məsələlərin geniş müzakirə olunduğunu qeyd edib, “Böyük İpək yolu: tarix və müasirlik. Çoxaspektli yanaşmalar” probleminin bütün istiqamətləri üzrə yekdil qərarın qəbul edildiyini bildirib. O, Çin İctimai Elmlər Akademiyası tərəfindən Azərbaycan tədqiqatçılarının məqalələrinin Çində müxtəlif elmi jurnal və toplularda dərc olunması təklifinin irəli sürüldüyünü vurğulayıb.  Eyni zamanda,  Çində “Qafqazşünaslıq” Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı müzakirələrin aparıldığını bildirib.

Xatırladaq ki, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə 2015-ci ilin fevral ayında Ədəbiyyat İnstitutu və Çinin Konfutsi İnstitutu arasında birgə elmi-ədəbi əlaqələrin inkişafı ilə bağlı müqavilə imzalanmış və institut daxilində Çin Mədəniyyət Mərkəzi fəaliyyətə başlamışdır. Mərkəzin daxilində Çin dili tədris olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir