Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2016 09:31
  • A-
  • A
  • A+

20 Yanvar Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir

20 Yanvar Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının azadlıq, müstəqillik arzularını boğmaq üçün Bakıda dəhşətli qırğın törədən sovet imperiyasına qarşı ilk etiraz səsini ümummilli liderimiz Heydər Əliyev yüksəldib.

Bu fikirlər “20 Yanvar - Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi” mövzusunda AMEA Naxçıvan Bölməsində keçirilən elmi konfransda çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev tərəfindən səsləndirilib.

Əvvəlcə 20 Yanvar şəhidlərinin, ölkəmizin azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Akademik İsmayıl Hacıyev bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda günahsız insanların gülləbaran edilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “A” təxribat qrupları tərəfindən təşkil olunub. Bu faciə Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla, sovet imperiyasının rəhbərliyi Bakıda “erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, imperiyanın növbəti qəddarlığını ört-basdır etmək üçün qabaqcadan hazırlanmış iftiralar və böhtanlar idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Vurğulanıb ki, həmin çətin günlərdə Vətəndən uzaqlarda olsa da öz millətinin, xalqının taleyinə biganə qala bilməyən Ulu Öndər həyatını təhlükə qarşısında qoyaraq, yenə xalqının harayına səs verib. Ulu Öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd addım kimi pisləyərək sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa edib. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1990-cı il noyabrın 21-də məhz Ümummilli Liderimizin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul edib. Daha sonra Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanla Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunub. Milli Məclis 1994-cü il martın 29-da faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verib.

“20 Yanvar hadisələri təkcə azğınlaşmış sovet qoşunlarının Bakıda törətdiyi qanlı cinayətlərlə tamamlanmayıb. Həmin gün, eyni zamanda, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə də erməni silahlılarının işğalçı hücumları olub”, - deyən akademik qeyd edib ki, 1990-cı il yanvarın 18-də Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunub, 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə, o cümlədən muxtar respublikanın digər sərhəd kəndlərinə erməni silahlı dəstələrinin hücumları başlayıb. Bu, 20 Yanvar faciəsinin ilk qanlı səhifələri idi. Ərazi bütövlüyümüz uğrunda döyüşlərdə naxçıvanlılar düşmənə qarşı mərdliklə dayanıb, qəhrəmancasına mübarizə aparıb, şəhidlər versə də, Naxçıvanı qoruyub saxlayıblar.

Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin “20 Yanvar faciəsi ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət, institutun şöbə müdiri, dosent Asəf Orucovun “Ümummilli lider Heydər Əliyev və 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi”, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Şəhidlərimiz milli qürurumuzdur”, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilovun “Qanlı Yanvarın nəticələri və ibrət dərsləri” mövzularında məruzələri dinlənilib.

Çıxışlarda bildirilib ki, 20 Yanvarda milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: