www.science.az
19.01.2016 09:19

AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun 60 yaşı tamam olur

Görkəmli alim, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun 60 yaşı tamam olur.

İbrahim Cəfərov 1956-cı il yanvar ayının 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Düdəngə kəndində anadan olmuşdur. 1985-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

1989-cu ildə namizədlik, 2006-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2010-cu ildə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

İ.Cəfərov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Fitopatologiya və bitkilərin immuniteti kafedrasında assistent  (1989), dosent (1994), professor (2011) kimi fəaliyyət göstərmiş, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Meyvə-tərə­vəzçilik və üzümçülük fakültəsinin dekanı (1993-2002), Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru (2009-2013) vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.

Alim hələ keçən əsrin 80-ci illərinin sonunda Naxçıvan Muxtar Respublikası şəraitində üzüm bitkisinin əsas xəstəliklərini tədqiq etmiş, mildyu və oidium kimi təhlükəli xəstəliklərə qarşı mübarizə tədbirləri sistemini bioloji cəhətdən əsaslandırmağa nail olmuş, müxtəlif üsulların kombinasiyasında inteqrir mübarizə üsulunun elementlərini işləmişdir. Azərbaycanın müxtəlif bölgələrində aparılan bioloji müayinələr, xəstəlik törədicilərin növ tərkibinin öyrənilməsi, zərərli patogen növlərin aşkar edilməsi biologiya və kənd təsərrüfatı elmi üçün də fundamental və praktik əhəmiyyət kəsb etmişdir. Aparılan tədqiqatlar nəticəsində çəyirdəkli meyvə bitkilərində 2 şöbə, 5 sinif, 12 sıra, 17 fəsilə, 57 cinsə aid 95 növ və 8 forma göbələk aşkar edilmişdir. Bunlardan 29 növ və forma Azərbaycan mikobiotası, 48 növ və forma isə ölkəmizdə çəyirdəkli meyvə bitkilərinin mikobiotası üçün yenidir. Bundan başqa, İ.Cəfərov tərəfindən çəyirdəkli meyvə bitkilərində ən təhlükəli xəstəliklərdən hesab edilən klasterosporioz və ya deşikli ləkəlik, sitosporoz, monilioz və ya boz meyvə çürüməsi, kokkomikoz, unlu şeh və deformasiya mənşəli bir sıra xəstəliklərin bioloji inkişaf xüsusiyyətləri tədqiq edilmiş və onun əsasında mübarizə tədbirləri işlənmişdir. Hazırda alimin əsas tədqiqat hədəfi ekoloji əkinçilik sistemində bitki mühafizəsinin istiqamətlərini və qanunauyğunluqlarını aşkar etməklə ekoloji təmiz məhsulun alınmasına zəmin yaratmaqdır.

Alimin elmi tədqiqatlarının nəticələri respublikada və xaricdə nəşr olunan 142-dən çox elmi əsərdə, o cümlədən 4 dərslik, 3 dərs vəsaiti, fitopatologiya fənninin öyrə­nilməsinə dair metodik vəsaitdə öz əksini tapmışdır. Onun rəhbərliyi altında 2 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir.

2008-ci ildən Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının həmsədri, hazırda isə sədr müavinidir.

Tanınmış elm mücahidini 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir