www.science.az
18.01.2016 17:46

Doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanlarına start verildi

AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu gündən etibarən doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları keçirilməyə başlayıb.

2015-ci ilin sentyabr ayından başlayaraq imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün Tədris-İnnovasiya Mərkəzində (TİM) müxtəlif müddətli kurslar təşkil olunmuşdur. Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris olunmuş, elmi fəaliyyətdə informasiya texnologiyalarından istifadə vərdişləri aşılanmışdır. Sonra elmi tədqiqatçılar üçün sınaq imtahanları keçirilmiş, burada onlara imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilmişdir.

2011-ci ildən Gəncə və Naxçıvanda yaşayan doktorant və dissertantlar TİM-də tədris olunan dərsləri məsafədən dinləyirlər. Bu ildən həmin bölgələrdə yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə imtahanlar İnternet üzərindən distant formada həyata keçiriləcək. İmtahan prosesinə mərkəzdə quraşdırılmış video-müşahidə sistemi vasitəsilə nəzarət ediləcək.

Qeyd edək ki, AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyun ayından başlayaraq elektron test üsulu ilə keçirilir.

Bu sessiyada ümumilikdə 600-ə yaxın elmi tədqiqatçının imtahan verəcəyi gözlənilir.

İmtahanlar yanvarın 29-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir