www.science.az
18.01.2016 14:34

20 Yanvar – Qəhrəmanlıq salnaməsi

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova 20 Yanvar faciəsinin müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirib. Bu hadisələr Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə mühüm təsir göstərib.

Bildirilib ki, Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldı. Qanlı qırğının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görüldü. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Ulu Öndərin şəhid ailələrini və əlilləri dövlət qayğısı ilə əhatə etdiyini vurğulayan M.Rəhimova deyib ki, Ümummilli Liderin siyasi xəttini uğurla və layiqincə davam etdirən Prezident İlham Əliyev də şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Dövlətimizin başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilib və yardımlar göstərilib.

Tədbirdə tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov, tarix üzrə fəlsəfə doktorları Abuzər Ələkbərov, Bəhlul İbrahimli və başqaları çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətlərdən olan 20 Yanvar faciəsinin səbəbləri, onun xalqımızın tarixində yeri və rolundan danışıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir