www.science.az
23.12.2013 00:00

AMEA Ədəbiyyat İnstitutu ilə Gürcüstan Ədəbiyyatı İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib. Əsas məqsəd iki ölkə arasında elmi əməkdaşlığın mövcud vəziyyəti və inkişafı ilə bağlı müzakirələrin aparılması idi.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin əsas fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib.

Dövlət tərəfindən Azərbaycan elminə böyük diqqət və qayğının göstərildiyini söyləyən akademik AMEA rəhbərliyinin bu sahədəki fəaliyyəti, son zamanlar həyata keçirdiyi kompleks islahatlardan bəhs edib. Ədəbiyyat İnstitutunun 80 illiyi ilə bağlı görülən işlərdən söz açaraq, artıq bir sıra nəşrlərin çapdan çıxdığını diqqətə çatdırıb.

Gürcü ədəbiyyatşünasları - filologiya elmləri doktorları Qaqa Lomidze, İrina Modevadze və institutun elmi katibi Miranda Tkeşelaşvili səmimi görüşə görə akademik İsa Həbibbəyliyə minnətdarlıq ediblər, müvafiq sahədə birgə əməkdaşlığın genişləndirməsinin əhəmiyyətini önə çəkiblər.

Sonda iki institut arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilə akademik İsa Həbibbəyli və Gürcüstan Ədəbiyyatı İnstitutunun Elmi Şurasının sədri, filologiya elmləri doktoru Qaqa Lomidze tərəfindən imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.