Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.01.2016 17:55
  • A-
  • A
  • A+

“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

Bu gün AMEA Geologiya və Geofizika İnstitutunda “Elmin KİV-də təbliği” mövzusuna həsr olunmuş tədbir keçirildi. Məqsəd Azərbaycan elminin və elmi biliklərin populyarlaşdırılması, kütləvi informasiya vasitələrində geniş təbliği, bu işlərin yüksək səviyyədə təşkili və s. məsələləri müzakirə etmək idi.

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin təşkil etdiyi tədbirdə akademiya institutlarının ictimaiyyətlə əlaqələrə məsul şəxsləri iştirak edirdi. 

Tədbiri giriş sözü ilə AMEA prezidenti akademik Akif Əlizadə açaraq, informasiya və elmi-texniki tərəqqi əsrində elmdə əldə olunan nailiyyətlərin, elmi biliklərin ictimaiyyətə çatdırılması, bu işlərin yüksək səviyyədə təşkilinin önəmliyini bildirdi. Elmin və elmi biliklərin populyarlaşdırılması və təbliğində KİV-in rolundan söz açdı. Jurnalistikanın vacib sahələrindən biri olan elmi jurnalistikanın inkişafının, bu sahədə peşəkar qələm sahiblərinin yetişdirilməsinin əhəmiyyətindən danışdı. A.Əlizadə elmi xəbər və materialların, məqalələrin elmi-populyar dildə hazırlanmasında elmi jurnalistlərin üzərinə düşən vəzifələri xüsusilə qeyd etdi. AMEA-nın fəaliyyətinin, alimlərin elmi nəticələrinin təbliği, elmin piarının yüksək səviyyədə təşkilinin cəmiyyətin aktual elmi nailiyyətlər haqqında məlumatlandırılmasında mühüm rol oynadığını bildirdi.  

Elmi jurnalistikanın xüsusi bir istiqamət olduğunu qeyd edən alim burada jurnalistika ilə elmin vəhdət təşkil etdiyini diqqətə çatdırdı. AMEA prezidenti jurnalistləri elmdə baş verən yenilikləri, innovativ layihələri, həyata keçirilən mühüm tədbirləri daha operativ işıqlandırmağa, Azərbaycan elmini yüksək səviyyədə təbliğ etməyə səslədi.

Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış etdi. R.Əliquliyev elmi-texniki sahədə tərəqqi ilə KİV-in daha geniş imkanlarının meydana gəldiyini bildirdi. E-informasiya agentlikləri və qəzetlər, xəbər saytları və portalları, İnternet-radio və İnternet-TV kanallarının, bir sözlə elektron-KİV-in informasiyanın operativ ötürülməsində başlıca vasitələrdən olduğunu söylədi. Akademik science.gov.az portalının 20 ildir ki, Azərbaycan elmini təbliğ etdiyini, alimlərimizin fəaliyyətinin işıqlandırılması istiqamətində mühüm işlər gördüyünü bildirdi.

Jurnalistlərlə görüşün əhəmiyyətini qeyd edən R.Əliquliyev informasiya mübadiləsinin operativ şəkildə aparılması, AMEA-nın institut və təşkilatlarının veb-saytlarının daha da inkişaf etdirilməsi, piar siyasətinin yüksək səviyyədə qurulmasının vacibliyindən danışdı.   Alim  AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması və idarə edilməsinə dair treninqin keçiriləcəyini də qeyd etdi.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev çıxış edərək akademiyanın elmi müəssisə və təşkilatlarının ictimaiyyətlə əlaqələrə məsul şəxslərini elmdə əldə olunan nailiyyətləri, elmi bilikləri, həmçinin institutların fəaliyyəti barədə məlumatları daha geniş işıqlandırmağa çağırıb.

Tədbirdə həmçinin AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov “Elmin təbliği, müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda təqdimatla çıxış etdi. 

Sonra akademiyanın elm müəssisələrinin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları bu sahədə görülən işlər barədə məlumat verdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: