Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.01.2016 17:07
  • A-
  • A
  • A+

“Sabahın alimləri” layihəsi çərçivəsində tədbir keçirildi

“Sabahın alimləri” layihəsi çərçivəsində tədbir keçirildi

Bu gün Bakıda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində bu təhsil müəssisəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə “Sabahın alimləri” layihəsi çərçivəsində tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova açaraq ölkə Prezidenti İlham Əliyevin elmə, təhsilə daim diqqət ayırdığını, bu sahədə mühüm Fərman və Sərəncamlar imzaladığını vurğuladı.

Direktor ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir”, o cümlədən dövlət başçısı İlham Əliyevin “Qara qızılı insan kapitalına çevirmək” fikirlərini xatırladaraq rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, əldə etdiyi nailiyyətlər barədə məlumat verdi. Qeyd etdi ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda gənclərin elmə marağının artırılması qarşıya vacib vəzifə kimi qoyulmuşdur: “Strategiyaya uyğun olaraq istedadlı şagirdlərin inkişafı üçün bizim təhsil müəssisəsində geniş imkanlar yaradılmışdır”.

S.Xanlarova onu da əlavə etdi ki, 155 illik tarixi olan Təhsil Kompleksində hazırda 5 xarici dil tədris olunur. Burada, əsasən multikulturalizm və multilinqvistika kimi prioritet elmi istiqamətlərdə araşdırmalar aparılır. Bildirdi ki, rəhbərlik etdiyi təhsil müəssisəsinin məzunları arasında Azərbaycan xalqı tarixində böyük xidmətləri olmuş şəxsiyyətlərin adları vardır.

Sonra Kompleksin 9,10 və 11-ci sinif şagirdləri "Karbon nanoborular", "Sağlam həyat", "Elektron avadanlığın istifadəsi", "Ozon qatını dağıdan maddələr və ekoloji təmiz alternativlər", "Alimlərlə polemika" mövzuları üzrə layihələrini təqdim etdilər.

Tədbirdə iştirak edən akademiklər Rasim Əliquliyev, Vaqif Abbasov, Fəxrəddin Qədirov, AMEA-nın müxbir üzvü Nazim Məmmədov və digərləri çıxış edərək layihələrlə bağlı fikir və tövsiyələrini səsləndirdilər.

Sonda Təhsil Kompleksinin şagirdləri konsert proqramı ilə çıxış etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: