Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.01.2016 12:51
  • A-
  • A
  • A+

Şah Təhmasib Səfəviyə həsr olunmuş konfrans keçirilib

Şah Təhmasib Səfəviyə həsr olunmuş konfrans keçirilib

Yanvarın 12-də AMEA Tarix İnstitutu və Yasamal rayonundakı 20 Yanvar şəhidi Eldar Məmmədov adına 21 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Şah Təhmasib Səfəvi” mövzusunda konfrans keçirilib.

Məktəbdə keçirilən konfransda lahiyənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov dövlətçilik tariximiz, tarixi şəxsiyyətlərimiz, tarixdə mövcud olmuş imperiyalarımızdan söz açıb. Bildirib ki, Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Xalqımız orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaratmışdır.

Səfəvi hökmdarı Şah Təhmasib (1524-1576) haqqında konfrans iştirakçılarına məlumat verən Y.Mahmudov qeyd edib ki, Şah Təhmasib 235 illik Səfəvi imperiyasının yaradıcısı Şah İsmayıl Səfəvinin oğludur. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrilmişdir.

Vurğulanıb ki, Şah Təhmasib Səfəvi-Osmanlı müharibələrində sülhə nail olmuş, Avropa elçilərinin Osmanlı dövlətinə qarşı birləşərək müharibə etmək haqqında diplomatik təkliflərini rədd etmişdir.

Daha sonra lahiyənin təşkilat komitəsinin sədri Araz Şamil, tarixçi-alimlər Tofiq Nəcəfli, Zabil Bayramlı, Dilavər Əzimli, Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi Firudin Abbasov, 21 saylı tam orta məktəbin direktoru Ceyhun Bayramlı və başqaları mövzu ilə bağlı cıxış ediblər.

Qeyd edək ki, “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində konfranslar 2015-ci ilin aprelindən keçirilir. Ötən müddət ərzində müxtəlif orta məktəblərdə layihə çərçivəsində Ulu öndər Heydər Əliyev, Şah İsmayıl Səfəvi, Ağa Məhəmməd şah Qacar və Nadir şah Əfşara həsr olunmuş konfranslar təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: