Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Parlaq zəka sahibi
14.01.2016 09:18
  • A-
  • A
  • A+

Parlaq zəka sahibi

Akademik Zahid Xəlilovun Azərbaycanda riyaziyyat elminin inkişafında müstəsna rolu olmuşdur

Azərbaycanın görkəmli riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zahid İsmayıl oğlu Xəlilov qısa, amma parlaq bir ömür yaşadı. O çox böyük işlər gördü, elmə verdiyi töhfələr dünya alimləri tərəfindən indi də yüksək qiymətləndirilir. Z.Xəlilovun riyaziyyat elminə gətirdiyi ideyalar və neçə-neçə yeni nəsil riyaziyyatçıların hazırlanmasına təkan verdi. O, funksional analiz, xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsində, riyazi fizika tənlikləri, tətbiqi riyaziyyat, elastiklik nəzəriyyəsi və riyaziyyatın tarixi sahəsində mühüm nəticələr əldə etdi. 

Zahid Xəlilov 1911-ci il yanvarın 14-də Tiflis şəhərində anadan olmuşdur. Orada orta məktəbi və pedaqoji texnikumu bitirmiş, 1929-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat bölməsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra Tbilisi Dəmir Yol Nəqliyyatı Mühəndisləri İnstitutunda dosent vəzifəsində çalışmışdır. 

Z.Xəlilov elmi fəaliyyətə 1937-ci ildə Stefan Berqmanın rəhbərliyi ilə Tbilisidə aspirant kimi başlamışdır. S.Berqman Amerika Birləşmiş Ştatlarına mühacirət etdikdən sonra gənc alim professor, sonralar SSRİ EA-nın akademiki N.İ.Musxelişvilinin rəhbərliyi ilə elastikiyyət nəzəriyyəsi ilə məşğul olmuşdur. Bu sahədə onun aldığı nəticələr 1940-cı ildə Tbilisi Universitetində “Klebs məsələsi və onun ümumiləşməsi” mövzusunda müvəffəqiyyətlə müdafiə etdiyi dissertasiyasının əsasını təşkil etmişdir. 1940-cı ildə Z.Xəlilov Bakıya qayıdır və Azərbaycan Dövlət Universitetində dosent vəzifəsində çalışır. 

1942-ci ildən alim SSRİ EA-nın Azərbaycan filialının fizika sektorunda elmi fəaliyyətə başlayır. Az vaxtda bir neçə işçisi olan riyaziyyat və nəzəri fizika seksiyasını, daha sonra isə riyaziyyat bölməsini yaradır. Sonralar bu bölmədən AMEA Riyaziyyat və Mexanika və Kibernetika institutları yaranır. Z.Xəlilovun əsərlərində elmi mərkəzlərdən uzaq olması hiss olunmurdu. O, elmin hansı istiqamətdə inkişaf edəcəyini görürdü. Ona görə də təsadüfi deyil ki, alim funksional analizin əhəmiyyətini duyur və funksional analizin metodlarını diferensial və inteqral tənliklərin həllində tətbiq edirdi. Bunun nəticəsi olaraq həmin istiqamət respublikada riyaziyyat elminin inkişaf etmiş sahələrindən birinə çevrilir. 

1949-cu ildə Z.Xəlilovun çap etdirdiyi “Funksional analizin əsasları” funksional analiz üzrə rus dilində çap olunmuş ilk monoqrafiyadır. Kompleks dəyişənli funksiyalar və sinqulyar inteqral tənliklər vasitəsilə o, poliharmonik tənliklər sistemi üçün sərhəd məsələsini həll etmiş və alınmış nəticələri söykənmiş elastik lövhənin əyilməsinin öyrənilməsinə tətbiq etmişdir. Bu nəticələr onun 1946-cı ildə Tbilisidə müdafiə etdiyi doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. Zahid Xəlilov doktorluq elmi dərəcəsini almış ilk azərbaycanlı riyaziyyatçı idi.

1946-1950-ci illərdə o, normallaşdırılmış halqalarda və Banax fəzasında klassik sinqulyar inteqral tənliklər nəzəriyyəsini ümumiləşdirən tamam kəsilməz operatorlu xətti tənliklər nəzəriyyəsini yaratmış və inkişaf etdirmişdi. Nöter nəzəriyyəsinin abstrakt analoqunun və requlyarizatorların ümumi nəzəriyyəsini vermişdir. Onun bu nəticələri sovet və xarici alimlərin tədqiqatlarında geniş istifadə olunmuş, 1949-cu ildə nəşr etdirdiyi “Xətti normallaşdırılmış fəzalarda xətti tənliklər” monoqrafiyasının əsasını təşkil etmişdir. Fitri istedada malik olan Z.Xəlilov dünya riyaziyyatında ilk olaraq qiymətləri Banax fəzasından olan funksiyalar sinfində diferensial tənlikləri tədqiq etmiş, Banax fəzasında qeyri-məhdud operator əmsallı diferensial tənliklərin həllərinin dayanıqlığı problemini həll etmişdir. Sonralar bu tədqiqatlar riyazi fizika tənliklərinin evolyusion məsələlərinin araşdırlmasında böyük əhəmiyyət kəsb etmiş və bir çox riyaziyyatçı tərəfindən davam etdirilmişdir. 

1952-1954-cü illər ərzində Zahid Xəlilov dəyişənlərinə görə ayrılmayan hiperbolik və parabolik tənliklər üçün qoyulmuş qarışıq məsələlərin həlli ilə bağlı yeni, onun davamçıları tərəfindən riyaziyyatın müxtəlif sahələrində geniş tətbiq olunan metod vermişdir. Bu metoda görə qarışıq məsələnin həlli tənliyin baş hissəsinin təyin etdiyi operatorun məxsusi funksiyalarına görə ayrılış şəklində təqdim olunur. 

Görkəmli alimin yaradıcılığının xarakterik cəhətlərindən biri də o idi ki, tədqiqatçı konkret tətbiqi əhəmiyyəti olan məsələlərin həlli üçün yeni metodlar yaradır və onları uğurla bir sıra məsələlərin həllində tətbiq edirdi. Buna misal olaraq onun Lavrentiyev-Bitsadze tənliyi üçün qoyulmuş sərhəd məsələsinin həllinin varlığına yeni metod - şəbəkə metodunu yaratmasını göstərmək olar. Sonralar bu metod bir çox alim tərəfindən sərhəd məsələlərinin həllinin varlığını isbat etmək üçün istifadə olunmuşdu. Bu sahədə olan nəticələrlə əlaqədar Zahid Xəlilov qaz və neftin filtrasiyası nəzəriyyəsinin ümumi məsələsini həll etmişdir. Onun bu nəticələri bir neçə onillik ərzində respublikada və əksər xarici ölkələrdə tətbiqi məsələlərin həll edilməsinə zəmin yaratmışdır. 

Keçən əsrin 60-cı illərindən başlayaraq, Z.Xəlilov abstrakt fəzalarda diferensial tənliklər nəzəriyyəsini tətbiq etməklə xüsusi törəməli diferensial tənliklərlə ifadə olunan sistemlərin optimal idarə edilməsi ilə əlaqəli bir sıra mühüm nəticələr almış və onları nüfuzlu elmi jurnallarda çap etdirmişdir. Riyaziyyatda yeniliyi hiss edən akademik davamlı olaraq elmi axtarışlar aparırdı. O, cəbri topologiya və operatorlar dəstəsi nəzəriyyələrini diferensial tənliklər nəzəriyyəsində tətbiq etmək üçün böyük səy göstərmişdir. Bir sinif qeyri-xətti sinqulyar inteqral tənliklərə Smeylin tərpənməz nöqtə prinsipini tətbiq etməklə aldığı nəticələr çapa hazırladığı “Çoxobrazlılarda xətti və qeyri-xətti sinqulyar inteqral tənliklər nəzəriyyəsi” monoqrafiyasında öz əksini tapmışdır. 

Gərgin elmi işlə bərabər, Azərbaycan Dövlət Universitetində otuz ildən artıq pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. “Nəzəri mexanika” kafedrasının müdiri, son vaxtlarda isə “Funksional analiz və funksiyalar nəzəriyyəsi” kafedrasının professoru olmuş və yüksək ixtisaslı elmi kadrların hazırlanmasına böyük əmək sərf etmiş, 30-dan çox elmlər namizədi və elmlər doktoru hazırlamışdır. Sonralar onların bir neçəsi Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü və həqiqi üzvü seçilmişdi. 

Alim bir neçə il Azərbaycan Elmlər Akademiyasında rəhbər vəzifələrdə çalışmışdır:1957-1959-cu illərdə Azərbaycan SSR EA-nın vitse-prezidenti, 1959-1962-ci illərdə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, 1962-1967-ci illərdə Azərbaycan SSR EA-nın prezidenti, ömrünün sonuna qədər, 1967-1974-cü illərdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru olmuşdur. O, 100-dən çox elmi işin və 4 monoqrafiyanın müəllifidir. 

Akademik Zahid Xəlilov SSRİ AAK-nın üzvü, Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti, riyaziyyat problemləri elmi şurasının sədri, Azərbaycan EA Rəyasət Heyəti yanında elmi-tədqiqat işlərinin koordinasiya şurasının sədri, fizika-texnika elmləri bölməsi nəzdində elmi dərəcə verən birləşmiş şuranın sədri olmuşdur. 

Z.Xəlilov Bakı Sovetinin, SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası MK-nın üzvü seçilmişdir. İki dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı” ordenləri və bir çox medallarla təltif edilmiş, 1960-cı ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 

Geniş dünya görüşü, yüksək şəxsi keyfiyyətləri, dərin intellektuallığı ona böyük hörmət və nüfuz qazandırmışdı, əsərləri, metodları riyaziyyat tarixinə əbədi həkk olunmuşdur.

Nazim Məmmədov, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü

"Azərbaycan" qəzeti, 14 yanvar 2016-cı il

 

  • Paylaş: