www.science.az
12.01.2016 11:35

AMEA əməkdaşı müəllifi olduğu "Braille Pad" layihəsini ABŞ-da təqdim edib

AMEA-nın İşlər İdarəsinin əməkdaşı Rəşid Əliyev ABŞ-ın Missuri ştatının, Sent Lyuis şəhərinin icra hakimiyyəti və Arch Grants təşkilatının birgə dəstəyi ilə keçirilən qrant müsabiqəsində müəllifi olduğu "Braille Pad" layihəsi ilə bağlı iştirak etmək üçün 6-8 yanvar 2016-cı il tarixlərində ABŞ-da ezamiyyətdə olub. O, münsiflər heyəti qarşısında müvəffəqiyyətlə çıxış edərək, layihəni təqdim edib.

R.Əliyev, həmçinin Sent Lyuis şəhərində yerləşən Vaşinqton Universitetinin və Missuri Elm və Texnologiyalar Universitetinin müəllim-professor heyəti ilə görüşdə iştirak edib, layihə ilə bağlı müzakirələrdə səsləndirilən fikir və təklifləri əldə edib. Görüşdə AMEA ilə universitetlər arasında əməkdaşlıq etmək üçün müvafiq imkanlar və potensial sahələr araşdırılıb. Daha sonra R.Əliyev 8-9 yanvar 2016-cı il tarixlərində Nyu York Universitetində (NYU) də "Braille Pad" layihəsini təqdim edib.

Qeyd edək ki, R.Əliyevin müəllifi olduğu gözdən əlillər üçün planşet layihəsi olan “BraillePad” artıq beynəlxalq investorların diqqətini cəlb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir