www.science.az
23.12.2013 00:00

AMEA-nın müxbir üzvü Akif Əzizovun 70 illik yubileyi qeyd olundu

20 dekabr 2013-cü il tarixdə AMEA Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) institutun elmi işlər üzrə direktor müavini, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Akif Əzizovun 70 illik yubileyi qeyd olundu.

Yubiley tədbirində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Bakı Dövlət Universiteti (BDU), Bakı Ali Neft Məktəbindən nümayəndələr və AMEA institut və təşkilatlarından bir sıra alim və mütəxəssislər iştirak edirdi.

Tədbiri giriş nitqi ilə açan NKPİ-nin direktoru, AMEA-nın müxbir üzvü Vaqif Abbasov görkəmli alimin şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından ətraflı söhbət açdı.

A.Əzizovun həyat və elmi fəaliyyəti haqqında məruzə ilə çıxış edən texnika üzrə elmlər doktoru, professor Leylufər Əliyeva alimin elmdə atdığı ilk addımların Moskva Dövlət Universitetində təhsil aldığı vaxtlara təsadüf etdiyini söylədi. Onun polimer kimyasının əsasını qoymuş akademiklər V.Kargin və V.Kabanovun tələbəsi olduğunu bildirdi. Qeyd etdi ki, A.Əzizov MDU-nu bitirdikdən sonra NKPİ-nin aspiranturasına daxil olmuş, 1971-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.

A.Əzizovun NKPİ-də yaratdığı yeni elmi istiqamətlər arasında neft-kimya sintezi proseslərində metalkompleks və metalüzvi katalizatorların tətbiqi istiqaməti mühüm əhəmiyyət kəsb edir. O, metalkompleks sistemlərin iştirakı ilə gedən oliqomerləşmə və birgə oliqomerləşmə reaksiyalarının mexanizminə aid yeni mülahizələr irəli sürmüşdür.

Son illərdə alimin rəhbərliyi altında AMEA NKPİ-da aparılmış tədqiqatlar nəticəsində oliqomerləşmə, polimerləşmə, efirləşmə və transefirləşmə reaksiyaları üçün ion-maye əsaslı bir sıra yeni katalizatorlar, bu proseslər üçün ekoloji cəhətdən əlverişli yeni texnologiyalar, neft fraksiyalarının selektiv təmizlənməsi üçün ekstragentlər (nanometal), polimer kompozitlər, sulfokationitlər və s. işlənib hazırlanmışdır.

A.Əzizovun adı Amerikada nəşr olunan “Elm və texnikada kim kimdir” məlumat kitabçasına və İngiltərədə çap edilən Beynəlxalq bioqrafiya lüğətinə daxil edilmişdir. O, Amerika Kimya Cəmiyyətinin üzvü, Rusiya Elmlər Akademiyasının “Mineral və təkrar olunan karbon tərkibli xammalın kimyası” Elmi Şurasının xarici üzvüdür.

L.Əliyeva alimin 600 (250-si xaricdə) elmi əsər, o cümlədən, 5 monoqrafiya və kitab, 70 müəlliflik şəhadətnaməsi və patentin müəllifi olduğunu, onun rəhbərliyi altında 10 namizədlik, 3 doktorluq dissertasiyasının müdafiə olunduğunu diqqətə çatdırdı.

Sonra çıxış edən AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, AMEA Kimya Problemləri İnstitutunun direktoru, akademik Ağadadaş Əliyev, akademik Musa Rüstəmov, AMEA-nın müxbir üzvü Adil Qəribov alimin neft-kimyası sahəsində əldə etdiyi nailiyyətlər və Azərbaycan elminə verdiyi töhfələrdən söz açdılar.

Tədbirdə, həmçinin BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə, Bakı Ali Neft Məktəbinin prorektoru, professor Ramiz Hümbətov, ADNA-nın “Üzvü maddələrin texnologiyası və sənaye ekologiyası” kafedrasının müdiri Nigar Səlimova və başqaları çıxış edərək alimin həyat və yaradıcılığından danışdılar, onunla bağlı xatirələrini bölüşdülər.

Sonda çıxış edən yubilyar ona göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçıları və iştirakçılara təşəkkürünü bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.