Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.12.2015 11:40
  • A-
  • A
  • A+

AMEA-nın Birləşmiş Veteranlar Şurasının 2015-ci ildəki fəaliyyətinə dair hesabatı dinlənilib

AMEA-nın Birləşmiş Veteranlar Şurasının 2015-ci ildəki fəaliyyətinə dair hesabatı dinlənilib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Birləşmiş Veteranlar Şurasının 2015-ci ildəki fəaliyyətinə dair hesabatı dinlənilib.

Tədbirdə şuranın sədr müavini, II Xüsusi şöbənin rəisi Eldar Quliyev görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi ilə çıxış edib. E.Quliyev məruzəsində ulu öndər Heydər Əliyev tərəfindən 28 iyun 1998-ci ildə təsdiq edilmiş “Veteranlar haqqında” qanundan müvafiq müddəaları xatırladıb. Bildirib ki, bu qanunda göstərilənləri rəhbər tutaraq AMEA-nın Birləşmiş Veteranlar Şurası Azərbaycan Respublikası Veteranlar Şurasının nizamnaməsində göstərilən tövsiyələrə uyğun olaraq veteran fəallarının əməyinin stimullaşdırılması, ehtiyacı olan veteranlara yardım edilməsi, yerlərdə veteran şuralarının işinin təkmilləşdirilməsi, gənclərin mənəvi vətənpərvərlik və tərbiyəsinin yüksəldilməsi məsələlərinin həllini ön plana çəkərək bu məsələlərdə veteranlara lazımi köməklik göstərməyi özünün başlıca vəzifəsi hesab edir. E.Quliyev onu da bildirib ki, hazırda Birləşmiş Veteranlar Şurası özündə 39 ilk veteran təşkilatını və 1820 veteanı birləşdirir. Onların arasında 15 akademik, 30 müxbir üzv, 269 elmlər doktoru və 637 fəlsəfə doktoru var. 7 nəfər 1941-1945-ci ilər Böyük Vətən müharibəsi, 37 nəfər isə Qarabağ və Əfqanıstan müharibəsi iştirakçısıdır.

Tədbirdə Birləşmiş Veteranlar Şurasının fəaliyyətindən danışan Eldar Quliyev 2015-ci ildə AMEA rəhbərliyi tərəfindən aparılan islahatları şuranın təqdirəlayiq hesab etdiyini bildirib. E.Quliyev onu da əlavə edib ki, AMEA rəhbərliyi ilə şuranın sıx əlaqədə olmasının nəticəsidir ki, şura işini bu ildə yüksək səviyyədə həyata keçirib.

Tədbirdə E.Quliyev “AMEA-nın əməkdaşlarına Əmək veteranı adının verilməsi haqqında” AMEA prezidentinin sərəncamını xatırladıb. Bildirib ki, “Əmək veteranı” adının verilməsi üçün yaradılmış komissiyada qəbul edilən sənədlərə baxılıb və 396 sənəd məqbul hesab edilib. Sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli qərarının müddəalarına uyğun olduğu təsdiqlənib və 396 əməkdaşa “Əmək veteranı” adı və əmək veteranı vəsiqəsinin verilməsi qərara alınıb.

Hesabat ilində şuranın iştirakı ilə həyata keçirilən tədbirlərdən bəhs edən E.Quliyev bildirib ki, cari ilin may ayında “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70-ci ildönümünə həsr olunmuş “Böyük Vətən müharibəsinin Qələbəsində SSRİ alimlərinin rolu” mövzusunda Beynəlxalq konfrans keçirilib. Həmçinin Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Birləşmiş Veteranlar Şurasının təşkilatçılığı ilə “1941-1945-ci illər Böyük vətən müharibəsində qadınların rolu” mövzusunda tədbir təşkil edilib. Bundan başqa şuranın təşkilatçılığı ilə digər tədbirlər də yüksək səviyyədə həyata keçirilib.

Sonra tədbirdə AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru  Fətəli Abdullayev çıxış edib. Cari ildə ahıl alimlərin sosial vəziyyətinin və iş şəraitinin yaxşılaşdırılması istiqamətində  başlanılan işlərdən danışıb. Bildirib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan aztəminatlı veteranlara müavinətlərin verilməsi, onların sanatoriyalarda müalicə almaları və istirahət etmələri, həmçinin digər güzəştli xidmətdən istifadə etmələri üçün şərait yaradılıb. AMEA-nın "Elm" düşərgəsində, Mərdəkan Dendroparkında və Şamaxı Astrofizika Rəsədxanasında əməkdaşların istirahəti üçün şərait yaradıldığını diqqətə çatdırıb.

Daha sonra veteranları maraqlandıran suallar cavablandırılıb. 2016-cı ildə veteranların həyat və iş şəraitinin yaxşılaşdırılması, onlara lazımi güzəştlərin verilməsi, AMEA Həmkarlar İttifaqı tərəfindən aztəminatlı veteranlara güzəştli yollayışların ayrılması və digər məsələlər müzakirə edilib.

Tədbirdə veteranların ən çox səsləndirdiyi problemlərlə bağlı müvafiq təkliflərin hazırlanaraq AMEA rəhbərliyinə təqdim edilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: