www.science.az
28.12.2015 09:54

İnsanın əl damarlarının izləri əsasında tanınması texnologiyası nümayiş etdirildi

Müasir dövrdə şəxsiyyətin biometrik göstəricilər üzrə müəyyən edilməsi üçün çoxlu sayda üsullar mövcuddur. İnsanın biometrik xüsusiyyətlərindən istifadə edərək onun tanınmasını müəyyən edən əsas metodlar barmaqlarda papilyar naxışlar, gözün qüzehli və torlu qişası, sifətin və əlin həndəsi nöqtələri, əl damarlarının təsviri üzrə identifikasiyadır. Bundan əlavə, dinamik xüsusiyyətlərdən də istifadə edən metodlar vardır ki, burada səs, əl yazması, ürək ritmləri və yerişə görə eyniləşdirmə nəzərdə tutulur. Bu gün daha populyar biometrik texnologiya barmaq izlərinin tanınmasıdır ki, bu sensorlardan artıq smartfon və planşetlərdə istifadə vüsət alıb.

Son illər dünyada biometrik texnologiyalar sahəsində aparılan tədqiqatlardan biri də insanın əl damarlarının izləri əsasında tanınması ilə əlaqədardır. AMEA İnformasiya Texnologiyaları İnstitutunda da bu istiqamətdə elmi-tədqiqat işləri aparılır. İnstitutda bu məqsədlə hazırlanmış qurğu nümayiş etdirilib. Qurğunu “İnsanın əl damarlarının izləri əsasında tanınması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə elmi-tədqiqat işi aparan Tuğrul Aktaş təqdim edib. T.Aktaş institutun dissertantıdır, Türkiyənin Yalova Universitetində müəllimdir.  

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdirləri – fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov və texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudovanın iştirakı ilə keçirilən təqdimatda Tuğrul Aktaş tədqiqatların nəticələri barədə məlumat verib. O, infraqırmızı şüa mənbəyi olan gurğudan (LED-lampa) istifadə etməklə insanın əl damarlarının müxtəlif təsvirlərinin əldə olunması prosesini nümayiş etdirib. Həmçinin ultraqırmızı şüaları qəbul edən, xüsusi filtr qoyulmuş fotoaparatı və insanın əl damarlarını göstərən qurğunu (Vein finder V02) təqdim edib. Skaner infraqırmızı diapazonda əli işığa verir və damarların izlərini aydın şəkildə göstərir. Şifrələnmiş fayl USB-interfeysi vasitəsilə fərdi kompüter, server və ya noutbuka ötürülür ki, burada biometrik şablon yaranır.

“Unutmaq lazım deyil ki, insanın biometrik xüsusiyyətləri zamanla dəyişə bilər. Bu, əsasən də hamilə qadınlarda, üzgüçülüklə məşğul olan idmançılarda, artıq çəkili insanlarda daha çox özünü göstərir” – bildirən tədqiqatçının sözlərinə görə, təsvirlər dissertasiya işində nəzərdə tutulmuş insanın identifikasiyasında istifadə olunacaq.

Qeyd edək ki, Azərbaycanda insanın əl damarlarının təsvirləri əsasında tanınması üzrə elmi-tədqiqat işi ilk dəfə olaraq aparılır.   

Akademik R.Əliquliyev bu sahə üzrə elmi-tədqiqat işlərinin əhəmiyyəti və aktuallığını qeyd edib. Alim insan xəstəliklərinin əl damarlarının izlərinə görə müəyyən edilməsi məsələsinə də toxunub. O, dünyada bu istiqamətdə aparılan araşdırmalarla maraqlanıb, dissertanta tətbiqi tədqiqatların daha da genişləndirilməsi, elmi araşdırmaların səmərə və keyfiyyətinin yüksəldilməsi üçün tövsiyələrini verib.

Dissertantın elmi rəhbəri f.r-f.d. Tofiq Kazımov müxtəlif vəziyyətlərdə olan insanların əl damarlarında olan müəyyən dəyişikliklərin nəzərə alınmasının vacibliyini qeyd edib. Dissertanta elmi tədqiqatlarda səmərəli nəticələrin əldə olunması üçün təkliflərini bildirib.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir