www.science.az
25.12.2015 14:25

AMEA Kimya Elmləri Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

Dekabrın 25-də AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Kimya Elmləri Bölməsinin (KEB) ümumi yığıncağı keçirilib.

2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin hesabatına həsr olunan iclasda KEB-in elmi müəssisə və təşkilatlarının rəhbərliyi, bölmə üzrə mühüm nəticələrin icraçıları və əlaqədar təşkilatların nümayəndələri iştirak edib. Tədbiri Bölmənin akademik-katibi, akademik Dilqəm Tağıyev giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi və ümumi iclasın Kimya Elmləri Bölməsinə daxil olan 4 institutunun cari ildəki fəaliyyətinin müzakirəsinə həsr olunduğunu bildirib.

Sonra Neft-Kimya Prosesləri İnstitunun direktoru akademik Vaqif Abbasov, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvi Məhəmməd Babanlı, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif FərzəliyevPolimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizovun təmsil etdikləri institutların 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatları verdilər.

Qeyd olundu ki, cari ildə bölmə üzrə 14 kitab və monoqrafiya, 450 məqalə (onlardan 210-u xaricdə, o cümlədən 131 məqalə impakt faktorlu jurnallarda), 684 tezis (onlardan 275-i xaricdə) dərc olunub. Bölmə əməkdaşlarının nəşr olunan işlərinə 650-yə yaxın istinadlar olmuşdur. Bundan əlavə, bölməyə daxil olan institutların əməkdaşları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm fondunun və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 20-yə yaxın qrantına layiq görülüblər. Cari ildə bölmə üzrə 18 mühüm nəticə əldə olunmuş, 8 iş tətbiq olunmuş və ya tətbiqə tövsiyyə olunub.

Hesabatla bağlı bölmənin akademik-katibi, akademik Dilqəm Tağıyev, akademik Adil Qəribovvə digərləri öz çıxışlarında Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası və Polimer Materialları institutlarının 2015-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətlərini yüksək qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.