Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Qarabağın əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”nin təqimatı keçirilib
24.12.2015 11:10
  • A-
  • A
  • A+

“Qarabağın əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”nin təqimatı keçirilib

Dekabrın 23-də “Park-İnn” otelinin konfrans zalında “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal etdiyi “Ağdam - virtual səyahət” 3D qrafik təsvirli və “Qarabağ atı” animasiya filmlərinin, eləcə də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanan “Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”nin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elmi ictimaiyyət nümayəndələri, ictimai qurumların və gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.

Layihənin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev çıxış edərək filmlər barədə ətraflı məlumat verdi. Bildirilib ki, əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Ermənistanın elmi dairələri və erməni diasporu tərəfindən saxtalaşdırılmasının qarşısını almaq, əsl reallıqları, tarixi faktları, ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqdır.

Layihənin əhəmiyyətini yüksək qiymətləndirən Gənclər və İdman naziri Azad Rəhimov mərkəzin 2013-cü ildən təqdim etdiyi elektron məhsulların əhəmiyyətini qeyd edib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev isə, hazırlanmış elektron məhsulların uşaqlar və gənclər arasında milli mənəvi dəyərlərimizin təbliğinə xidmət edəcəyinə, onlarda vətənpərvərlik hisslərini gücləndirəcəyinə əminliyini bildirib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, “Ağdam - virtual səyahət” 3D qrafik təsvirli, “Qarabağ atı” animasiya filmlərinin məsləhətçisi Səbuhi Hüseynov “Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”nin mühüm əhəmiyyətindən söz açıb. O bildirib ki, “Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi” layihəsinin həyata keçirilməsinə əsas səbəb interaktiv xəritə üzərində Qarabağda mövcud olan 200-dən çox abidələrin (qədim yaşayış məskənləri, kurqanlar, kilsələr, məscidlər, karvansaralar, qəsrlər, saraylar və s.) GPS koordinatları ilə birlikdə pasportlaşdırılması, onlar barədə təsvirli məlumatların əldə edilməsi, həmin abidələrin Azərbaycana məxsusluğunun nümayiş etdirilməsi, bu barədə Azərbaycan gənclərinin məlumatlılığının artırılmasıdır. Həmçinin o vurğulayıb ki, elektron xəritədə Qarabağ abidələrinin adı, bir sıra beynəlxalq elektron xəritələrdən fərqli olaraq, məhz Azərbaycan dilində olduğu kimi verilmişdir.

Tədbirdə, həmçinin akademik Teymur Bünyadov və b. çıxış edərək qeyd edilən layihələrin əhəmiyyətindən söz açmışlar.

Sonra isə, təqdimat iştirakçıları “Ağdam - virtual səyahət” 3D qrafik təsvirli, “Qarabağ atı” animasiya filmlərini izləmiş, “Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi” ilə tanış olmuşlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: