www.science.az
24.12.2015 17:34

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi bölmələr üzrə hesabatı başlayıb

Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) elmi bölmələr üzrə 2015-ci il üçün illik hesabatına həsr olunan yığıncaq keçirilib.

Giriş nitqi ilə çıxış edən şuranın sədri, dosent Famin Salmanov bildirib ki, ilk olaraq Fizika-Riyaziyyat və Texnika, Biologiya və Tibb, eləcə də Aqrar Elmlər bölmələrinin Gənc Alim və Mütəxəssislər Şuralarının hesabat məruzələri dinləniləcək. Qeyd olunub ki, 2014-cü il kimi bu il də Şuranın elmi və ictimai fəaliyyətində mühüm işlər görülüb və böyük nailiyyətlər əldə edilib. F.Salmanov bildirib ki, elmin təbliği istiqamətində həm ənənəvi layihələr davam etdirilib, həm də yeni-yeni qeyri-ənənəvi layihələrə start verilib. Şura sədri 2015-ci il üzrə Fəaliyyət Planında nəzərdə tutulan bütün tədbirlərin tam şəkildə həyata keçirildiyini və bu işlərdə ayrı-ayrı bölmələrə daxil olan institutların yerli şuralarının əhəmiyyətli rol oynadığını söylədi. 

Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova, Aqrar Elmlər Bölməsinin GAMŞ-nın rəhbəri, dosent İzzət Talıbov və Biologiya və Tibb elmləri bölməsinin GAMŞ-nın rəhbəri Aida Dadaşova məruzələrində bildiriblər ki, institutların şuraları hesabat ilində müxtəlif istiqamətlərdə fəaliyyət göstərib. İl ərzində həm elmin təbliği, həm də həvəsləndirmə tədbirləri olaraq, müsabiqə, olimpiyada və bilik yarışların keçirilməsində fəallıq göstəriblər. Qeyd olunub ki, institut şuraları spesifik tədbirlər təşkil etməklə yanaşı, akademiyanın beynəlxalq və respublika əhəmiyyətli tədbirlərində də yaxından iştirak ediblər.

Məruzələr ətrafında suallar cavablandırılıb, rəy və təkliflər bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.