www.science.az
24.12.2015 17:05

“Azərkimya” İB ilə AMEA arasında əməkdaşlıq əlaqələri genişləndirilir

Dekabrın 22-də “Azərkimya” İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayevin dəvətilə AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, Polimer Materialları İnstitunun direktoru, akademik Akif Əzizov, Neft- Kimya Prosesləri İnstitutunun direktor müavini, k.ü.e.d. Hikmət İbrahimov, akademik Ağadadaş Əliyev və digər kimyaçı alimlər “Azərkimya” İB-nin “Etilen-polietilen” zavodunda olublar. Onlar piroliz və polimerləşmə prosesləri ilə istehsalata buraxılan yeni qurğularla, zavodun təlim-tədris mərkəzi, poliklinikası və digər obyektlərlə tanış olublar.

“Azərkimya” İB və AMEA Kimya Elmləri Bölməsinin institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi, institutlardan verilən təkliflərin müzakirəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Akademik Dilqəm Tağıyev və Muxtar Babayev bu cür görüşlərin əhəmiyyətini qeyd edərək növbəti müzakirələrin Sumqayıt Kimya Sənaye Parkı rəhbərliyinin iştirakı ilə aparılmasının zərurliyini vurğulayıblar.

Sonda birgə layihələrin həyata keçirilməsi istiqamətində tədqiqatların konkretləşdirilməsinə dair razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.