www.science.az
23.12.2015 09:18

Xoş məramlı alim

Alimin böyüklüyü onun intellekti, yetirdiyi kadrlar, elmə, incəsənətə verdiyi töhfələr, yazdığı elmi əsərlərlə müəyyən olunur. Bu baxımdan Azərbaycanın görkəmli şərqşünas-alimi, AMEA-nın həqiqi üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlının şərəfli ömür yolu elmə xidmətin bariz nümunəsidir. Kənardan baxanda bu sözlər bizə çox adi görünə bilər, lakin onun dərinliklərinə varanda bəlli olur ki, bu titulları qazanmaq o qədər də asan olmamışdır. Akademik Nailə Vəlixanlı hazırkı səviyyəyə çatmaq üçün yaşadığı illər boyunca böyük əmək sərf etmiş və elmin çətin, mürəkkəb yollarından keçərək zirvəyə ucalmağı bacarmışdır.

1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirəndən sonra Nailə Vəlixanlı Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında hazırlıq keçmiş və həyatını bu elm ocağı ilə bağlamışdır. Burada o, 1968-ci ildə namizədlik, 1994-cü ildə EA-nın Tarix İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmiş, biri digərindən maraqlı, dəyərli əsərlər yazıb-yaratmışdır.

Nailə Vəlixanlının namizədlik dissertasiyasının və ümumiyyətlə, ona elmdə yol göstərən rəhbəri orta əsr Şərq tarixinin ən tanınmış tədqiqatçılarından biri, Azərbaycan tarix elminin korifeyi, akademik Ziya Bünyadov olmuşdur. Ziya Bünyadov məktəbinin layiqli davamçısı kimi Nailə Vəlixanlının vətən tarixşünaslığının tədqiqi sahəsində xüsusi yeri var. Əsərlərində Azərbaycanın orta əsrlər tarixinin mənbəşünaslıq problemlərinə, regionun ərəb xilafətinin tərkibində mövqeyinə, sosial-iqtisadi münasibətlərinə, tarixi-coğrafiya məsələlərinə aydınlıq gətirilmiş, elmdə son vaxtlaradək hakim olan köhnə sovet ənənələrini sındırmaqla tarixşünaslığımızda yeni mərhələ açmışdır. Alim ərəbdilli mənbələr əsasında orta əsrlər Azərbaycan tarixinə dair bir neçə sanballı monoqrafiyanın, 200-dən çox elmi məqalə və resenziyanın müəllifidir. N.Vəlixanlı yeddicildlik “Azərbaycan tarixi”nin II cildinin məsul redaktoru və əsas müəlliflərindəndir. Görkəmli alimin “IX-XI əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında”, İbn Xordadbehin “Ölkələr və yolların kitabı”, “Naxçıvan-ərəblərdən monqollaradək (VII-XII əsrlər)”, “Ərəb Xilafəti və Azərbaycan” adlı monoqrafiyaları, “Azərbaycanda dövlətçilik və onun rəmzləri” kitab-albomu və s. əsərləri elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır. Akademik N.Vəlixanlı həm də “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi ilə sıx əməkdaşlıq etmiş, burada çoxsaylı materiallar dərc etdirmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan alimləri Nailə xanım tərəfindən görülən işləri və onun istedadını həmişə yüksək qiymətləndirirlər. O isə öz növbəsində, həmkarlarının uğurlarına sevinməyi və nailiyyətlərinə qiymət verməyi bacaran bir tədqiqatçıdır.

Akademik həm də çox maraqlı insandır. Onun əqli ilə qəlbi bir-biri ilə tam harmoniya təşkil edir, bir şəxsiyyət kimi isə hamıya qarşı səmimidir. Yəqin ki, bu hisslərə cavab olaraq Nailə xanımı tanıyan hər kəs onunla ünsiyyətdən zövq alır, ona qarşı hörmət və ehtiram hissi duyur. Bu, həm də ondan irəli gəlir ki, dünyanın dərkində olan saflığı onun timsalında müdrikliklə və düşüncə dərinliyi ilə vəhdət təşkil edir. Nailə Vəlixanlı əsl azərbaycanlı ziyalı qadın nümunəsidir. Həssas, dözümlü, ağıllı və bununla yanaşı, çox prinsipial, təkidli və enerjilidir.

Akademik Nailə Vəlixanlının yanında istedadlı gənclik daim yer alır. Onun rəhbərliyi ilə onlarla fəlsəfə və elmlər doktoru yetişmişdir. Məhsuldar elmi fəaliyyəti ilə yanaşı, N.Vəlixanlı 30 ildən çox Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Universitetində Vətən və Şərq tarixi, mənbəşünaslıq, tarixşünaslıq və s. fənnlər üzrə mühazirələr oxumuş, elmi-pedaqoji kadrların hazırlanmasında yaxından iştirak etmişdir.

1998-ci ildən öz taleyini Milli Azərbaycan Tarixi Muzeyi ilə bağlayan görkəmli tədqiqatçı, özünü bacarıqlı elmi və inzibati təşkilatçı kimi də təsdiq etdi. Nailə Vəlixanlının yüksək səriştə və bacarığı sayəsində qısa müddət ərzində muzeyin fəaliyyətində əsaslı dönüş yaranmışdır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə muzeydə fondlar və orada qorunan eksponatlar öz xüsusiyyətlərinə uyğun olaraq yerləşdirilmiş, bir sıra arxeoloji və etnoqrafik eksponatlar, eləcə də rəsm əsərləri muzeyin laboratoriyasında bərpa edilmiş, ekspozisiyaların yeniləşməsi üçün müvafiq avadanlıq alınmış, müxtəlif məzmunlu sərgilər hazırlanmışdır. Muzeyin tarixində ilk dəfə olaraq elmi kataloq, kitab-albomların çap olunması təşkil edilmiş, muzeyin elmi əsərlərinin nəşri bərpa edilmişdir. Xarici ölkə muzeyləri və alimləri ilə sıx elmi əlaqalər qurulmuş, muzeyin sərgiləri Almaniya, Norveç, Rusiya və s. ölkələrin muzeylərində nümayiş olunmuşdur.

Nailə xanım ictimai işlərdə də fəaldır. O, Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının, Elmi İslahatlar aparan Respublika Komissiyasının, Milli Məclis yanında Toponimiya komissiyasının, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin redaksiya heyətinin üzvü, “AMEA-nın Xəbərləri (ictimai elmlər seriyası)” jurnalının, “Azərbaycan Tarixi Muzeyi” toplusunun baş redaktorudur.

Akademik çoxsaylı beynəlxalq konfrans və simpoziumlarda Azərbaycanı və onun tarixini həmişə uğurla təmsil etmiş və etməkdədir. Onun elmi məruzələri maraqla qarşılanır və geniş müzakirələrə səbəb olur.

Təvazökar və ləyaqətli alim bəlkə də karyera haqqında hər şeydən az düşünmüş, lakin onun elmdəki fədakarlığı diqqətdən qaçmamış və yüksək səviyyədə qiymətləndirilmişdir. 2001-ci ildə Nailə Vəlixanlı AMEA-nın müxbir, 2007-ci ildə həqiqi üzvü seçilmişdir. 2007-2012-ci illərdə isə o, AMEA-nın ilk qadın vitse-prezidenti olmuş və bu məsul vəzifənin öhdəsindən uğurla gəlmişdir.

Azərbaycan dövləti akademik Nailə Vəlixanlının əməyini yüksək dəyərləndirmişdir. O, 1970-ci ildə “Rəşadətli əməyə görə” medalına, 2010-cu ildə isə “Şöhrət” ordeninə layiq görülmüşdür.

2015-ci ilin noyabrında AMEA-nın 70 illik yubileyi ilə əlaqədar təltif olunanlar sırasında bizim 75 yaşlı yubilyar da yer aldı. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Nailə Məmmədəli qızı Vəlixanlıya “Əməkdar elm xadimi” fəxri adı verildi. Bununla da onun Azərbaycan elmi qarşısındakı xidmətləri bir daha öz təsdiqini tapdı.

Azərbaycan Milli Elmlər Akademiyasında, bütövlükdə ölkəmizdə olan dostları, həmkarları, tələbələri əziz Nailə xanımı yubiley münasibətilə təbrik edir, ona cansağlığı və elmə olan həvəsinin daim yüksək olmasını arzulayırlar.

Nərgiz AXUNDOVA, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü

"Azərbaycan" qəzeti, 23 dekabr 2015-ci il