www.science.az
22.12.2015 17:16

Geologiya və Geofizika İnstitutunda növbəti “Geomexanika” seminarı keçirilib

Dekabrın 22-də AMEA-nın Geologiya və Geofizika İnstitutunda “Geomexanika” üzrə növbəti seminar keçirilib.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində baş tutub. 

Seminarda “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və müxtəlif müəssisələrdən qonaqlar iştirak ediblər.

Texnika elmləri doktoru Anatoliy Strekov "İstismarın son mərhələsində olan neft yataqlarında işlənilmənin effektivliyinin artırılmasının eksperimental və nəzəri tədqiqatları" mövzusunda məruzə ilə çıxış edib.

Son neftvermə əmsalının artırılmasının təmin olunma məsələsində neftçıxarmanın məlum metodlarının imkanlarına həsr olunmuş elmi tədqiqat nəticələrinin icmalı yerinə yetirilib.

Neftvermə əmsalına mənfi təsir edən faktorlar müəyyənləşdirilib və onların təsirinin minimumlaşdırılması üsullarının inkişaf etdirilməsi üçün yeni eksperimental tədqiqatların aparılması əsaslandırılıb. Eyni zamanda mövcud üsulların inkişaf perspektivləri də müzakirə edilib.

Neftin sıxışdırılmasının və layın quyu ətrafının işlənilməsinin effektivliyinin artırılması üçün lay sularının işçi agent şəklində seçilməsi və eləcə də, layların minerallaşmış sularına elektrokimyəvi təsiri zamanı fiziki-kimyəvi proseslərin öyrənilməsində eksperimentlərin aparılması əsaslandırılıb.

Aktiv su məhlullarının alınması üçün layların minerallaşmış sularına sabit elektrik cərəyanı ilə təsiri üzrə aparılmış eksperimentlərin nəticələri şərh olunub.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir işlərin nəticələrinin müzakirəsi ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.