www.science.az
18.12.2015 09:32

Direktorlar Şurasının növbəti iclası keçirilib

Dekabrın 18-də Təcrübə-Sənaye Zavodunda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi müəssisələrinin Direktorlar Şurasının növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, elmi müəssisələrinin direktorları, AMEA Rəyasət Heyəti aparatının idarə və şöbə rəisləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə iştirakçıları salamlayıb və gündəlikdə olan məsələlərlə bağlı məlumat verib. Bu ilin yekunlarına dair görülmüş işlərə toxunan akademik bildirib ki, 2015-ci il AMEA üçün kifayət qədər uğurlu, səmərəli və məhsuldar il olub. Akademik Akif Əlizadə bu il ərzində akademiyanın 26-sı beynəlxalq olmaqla, 60-a yaxın mötəbər tədbir keçirdiyini iştirakçıların nəzərinə çatdırıb.

Elmin İnkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrasına dair görülən işlər haqqında məlumat verən akademik Akif Əlizadə qeyd edib ki, bu strategiyanın uğurla həyata keçirilməsi elmi tədqiqatların istiqamətlərini ölkənin mühüm ictimai-mədəni məsələlərin həllinə, eləcə də dünya elminin prioritet istiqamətlərinə uyğun müəyyənləşdirilməsinə, elmdə idarəetmə sisteminin modernləşdirilməsinə, elm və təhsilin inteqrasiyasına, elmi işçilərin sosial təminatının yaxşılaşdırılmasına və s. müsbət təsir göstərib.

Daha sonra AMEA-nın təsərrüfat subyektlərinin mövcud vəziyyəti və qarşıda duran vəzifələri, doktoranturaya qəbul prosesinin gedişi, doktorantlar arasında sosioloji sorğunun keçirilməsi, AMEA-nın magistraturasında qış imtahan sessiyasına hazırlıq məsələləri, AMEA və Belarus Milli Elmlər Akademiyası arasındakı elmi texniki əməkdaşlıq və “Nature Publishing Group” və “Palgrave Macmillan” nəşriyyatları ilə əlaqələrin yaradılması ilə bağlı təkliflər haqqında AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov, Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev və digər natiqlərin çıxışları dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.