Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan Milli Elmlər Akademiyası science.az saytının yaradılmasının 20 illiyinə həsr olunmuş yubiley tədbirində AMEA prezidenti, akademik Akif Əlizadənin Giriş nitqi
17.12.2015 17:25
  • A-
  • A
  • A+

Azərbaycan Milli Elmlər Akademiyası science.az saytının yaradılmasının 20 illiyinə həsr olunmuş yubiley tədbirində AMEA prezidenti, akademik Akif Əlizadənin Giriş nitqi

– Hörmətli tədbir iştirakçıları, xanımlar və cənablar!

Azərbaycan Milli Elmlər Akademiyasının science.az saytının yaradılmasının 20 illiyinə həsr olunmuş yubiley tədbirində hər birinizi salamlayıram. Bu əlamətdar gün münasibətilə sizləri təbrik edirəm.

Azərbaycan Milli Elmlər Akademiyası yarandığı 1945-ci ildən bəri ölkəmizin iqtisadi inkişafına, dünya elminə çoxsaylı töhfələr bəxş etmişdir. Bu töhfələr sırasında o dövr üçün çox böyük hadisə olan İnternetə çıxışın təmin olunması da tarixi hadisə kimi yadda qalmışdır. Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun bir qrup alim və mütəxəssisi  tərəfindən 1991-ci ildə ölkənin ilk dəfə İnternetə çıxışının həyata keçirilməsi həm də Azərbaycan mətbuatının, internet-mediasının inkişaf mərhələsində yeni səhifə açmışdır.

O zaman müharibə şəraitində yaşayan Azərbaycanın maraqlarına xidmət edən milli-mənəvi dəyərlərin, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ən aktual məsələ idi. Belə bir dövrdə, daha dəqiq desək 1995-ci ildə internet-medianın ilk nümunəsi, ilk veb-saytı olan science.az İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən yaradılmışdır. Bu 20 il ərzində ölkəmizə yeni texnologiyalar gətirilmiş, alimlərimizin əhəmiyyətli tədqiqatları nəticəsində informasiya cəmiyyətinin formalaşması istiqamətində böyük nailiyyətlər əldə olunmuşdur.

Bu proseslərin sırasına science.az-ın texniki imkanlarının artırılması, inkişaf etdirilməsi də daxil olmuşdur. Bu missiyanın öhdəsindən də alim və mütəxəssislərimiz layiqincə gəlmişlər. Akademiyanın rəsmi portalı üzərinə düşən çoxaspektli missiyanı yerinə yetirməklə yanaşı, texnoloji cəhətdən də zamanla ayaqlaşaraq inkişaf etmişdir. Azərbaycan elmi həqiqətlərinin dünyaya çatdırılması missiyasını indi də şərəflə yerinə yetirir. Eyni zamanda elmi-metodoloji baza kimi elmimizin inkişafına, elmi tədqiqatların inteqrasiyasına dəstək verir. Eyni zamanda institut və təşkilatların saytlarının yaradılaraq inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır.

Hörmətli tədbir iştirakçıları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində başqa sahələrdə olduğu kimi, akademik elmdə də çoxlu sayda nailiyyətlər və uğurlar əldə olunub. Ölkəmizin ictimai-mədəni həyatında əlamətdar hadisə olan Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunan Ümumi yığıncaqda dövlət başçımızın iştirakı Azərbaycan elminə, alimlərə göstərdiyi diqqət və qayğının təcəssümüdür. Yubiley tədbirində dövlət başçımızın irəli sürdüyü proqram xarakterli prioritetlər fundamental və tətbiqi tədqiqatların səmərəliliyinin artırılmasında  elmin yaxından iştirakını mühüm vəzifə kimi bizim qarşımızda qoymuşdur. Bu prioritetlərin əsas məqsədi elmin bütün istiqamətləri üçün hədəfləri müəyyən etməklə yanaşı, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Bu missiyanın yerinə yetirilməsində də akademiyanın rəsmi portalının böyük xidmətləri var. 

Hazırda ölkəmizdə uğurla elektron elm formalaşır. Azərbaycanın ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, biliklər iqtisadiyyatının yaradılması istiqamətində mühüm addımlar atılır. Əsas məqsəd aparılan elmi-tətqiqat işlərinin, alınan elmi nəticələrin səmərəliliyini yüksəltmək, milli elmin inkişafına kömək etməkdir. Azərbaycan Mili Elmlər Akademiyasında yaradılaraq uzun müddət ərzində formalaşmış AzScienceNet Elm Kompüter Şəbəkəsi elektron dövlətin tərkib hissəsi olan elektron elmin inkişafına hərtərəfli dəstək verir. Ölkəmizdə informasiya-kommunikasiya texnologiyaların inkişafı elektron elmin inkişafına da zəmin yaradır.

Hörmətli tədbir iştirakçıları, göründüyü kimi akademiyanın 70 il ərzində qazandığı çoxlu sayda nailiyyətləri sırasında respublika tarixində ilk dəfə olaraq İnternetin milli infrastrukturunun və veb-saytın yaradılması da mövcuddur. Milli Elmlər Akademiyasının rəsmi portalı, həm də sosial media kimi fəaliyyət göstərir. science.az yarandığı ilk gündən səmərəli fəaliyyəti ilə ölkənin elmi-ictimai həyatının dəqiq və dolğun işıqlandırılmasında mühüm xidmətlər göstərib. Elmi nailiyyətlərimizin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaradıb.  Respublikanın elmi-ictimai mühitində baş verən hadisələr indi də portalın əməkdaşları tərəfindən operativ əldə edilərək dünya ictimaiyyətinə çatdırılır. science.az Azərbaycan elmində aparılan islahatları, elmin inkişafı sahəsində əldə edilmiş nailiyyətləri obyektiv şəkildə işıqlandıraraq təbliğ edir. Akademiyanın həyatında baş verən əlamətdar hadisələr, tarixi görüşləri əks etdirən və zəngin bazaya malik olan dəyərli və etibarlı informasiya mənbəyidir.

Mən həm öz adımdan, həm də tədbir iştirakçıları adından 20 yaşını qeyd edən saytın yaradıcılarını, İnformasiya Texnologiyaları İnstitutunun kollektivini, fədakar əməyi ilə uzun illər burada çalışıb elmimizin populyarlaşdırılmasına öz töhfəsini verən bütün əməkdaşları ürəkdən təbrik edirəm. Onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: