www.science.az
19.12.2013 00:00

AMEA Eroziya və Suvarma İnstitutunun 2013-cü ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə edildi

Bu gün AMEA Eroziya və Suvarma İnstitutunda (ESİ) Elmi Şuranın növbəti iclası keçirildi.

AMEA Aqrar Elmlər Bölməsi ilə birgə keçirilən iclasda institutun 2013-cü il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənildi.

Tədbirdə bölmə üzvləri, AMEA ESİ-nin rəhbərliyi, elmi şura üzvləri, bölmə üzrə mühüm nəticələrin icraçıları, aparıcı elmi işçilər iştirak edirdilər.

ESİ-nin 2013-cü ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqda məlumat verən direktor, aqrar elmlər üzrə fəlsəfə doktoru Seymur Səfərli bildirdi ki, elmi müəssisə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində tədqiqatları davam etdirib. Hesabat ilində institutda flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyi və su ehtiyatlarının öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi istiqaməti üzrə 2 problem, 8 mövzu və 11 işi əhatə edən elmi-tədqiqat işləri 11 mərhələdə yerinə yetirilib.

Qeyd etdi ki, 52 elmi əsər (3 kitab, 2monoqrafiya, 46 məqalə, 1 tezis) çapdan çıxıb. Onlardan 28 məqalə və 1 tezis xaricdə nəşr olunub, 1 patent alınıb. İnstitutda 11 nəfər əyani doktoranturada təhsil alır, 1 fəlsəfə doktoru dissertasiya işi müdafiə olunub.

Bildirdi ki, ilk dəfə olaraq müasir LİSEM (Limburg Soil Erosion Model) modelindən istifadə olunmaqla, İsmayıllı rayonunun şərq hissəsində yerləşən və hovzəsinin sahəsi 37 kv.km olan Mücüçay hovzəsi üçün torpaq eroziyasının fiziki modeli hazırlanıb və bu model əsasında hövzənin mövcud və potensial rəqəmsal eroziya xəritələri tərtib olunub. Bundan başqa, müasir texnologiyalardan istifadə etməklə ilk dəfə Ağsu rayonu üçün aktual və potensial eroziya təhlükəlik xəritələri işlənib: “ Hazırlanmış aktual və potensial eroziya təhlükəlik xəritələri gələcəkdə baş verə biləcək proseslərin qarşısını almaq məqsədilə qabaqcadan müxtəlif aqrotexniki, aqromeliorativ və aqroekoloji tədbirlər planının gecikmədən işlənilib hazırlanmasına imkan verir. Boyük Qafqazın Azərbaycan hissəsində eroziya prosesinin qarşısını alan fəaliyyətlərin optimallaşdırılması məqsədilə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dəstəyi ilə birinci mərhələ kimi buraya daxil olan rayonların torpaq xəritələri rəqəmsallaşdırılıb. S.Səfərli sonrakı mərhələdə mövcud və potensial eroziya xəritələrinin tərtibinin nəzərdə tutulduğunu bildirdi.

Cari ildə Quba və Xaçmaz rayonlarının rəqəmsal torpaq xəritələri, Mucuçay hovzəsinin yerləşmə sxemi və yüksəklik xəritəsi, hövzənin torpaq və torpaqdan istifadə xəritələri, mövcud və potensial eroziya xəritələri hazırlanıb.

İnstitutun beynəlxalq əlaqələrindən söz açan S.Səfərli Rusiyanın Raduqa İnstitutu və Ryazan Aqrar İstehsalat Mərkəzi, Belarusun Meliorasiya İnstitutu və Polşanın Texnoloji-Təbiətdən İstifadə İnstitutu ilə ikitərəfli müqavilələrin imzalandığını nəzərə çatdırdı.

Hesabatla bağlı müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvləri Məhərrəm Babayev, Mahmud Abdullayev, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov, biologiya üzrə fəlsəfə doktoru Tubuxanım Qasımzadə, professor Hamlet Aslanov, aqrar elmlər üzrə fəlsəfə doktorları Sədi Nurullayev, Mirvari Mirməmmədova və başqaları aparılmış tədqiqatların nəticələrini yüksək qiymətləndirərək illik hesabatı qənaətbəxş hesab etdilər, rəy və təkliflərini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.