www.science.az
16.12.2015 13:43

Akademik Mustafa Topçubaşovun 120 illik yubileyi qeyd edildi

Dekabrın 16-da AMEA Rəyasət Heyətində aka­de­mik Mustafa Topçubaşovun 120 illiyinə həsr olunmuş yubiley yığıncağı keçirilib.

Təd­­biri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin həyat və zəngin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, elmi, elmi-təşkilati, pedaqoji, ictimai, praktiki-tib­­­­bi və tibbi-nəzəri istiqamətlər üzrə çoxşaxəli fəaliyyəti özündə cəmləşdirən akademik Mus­­­­tafa Topçubaş­ov şəxsiyyəti XX əsr Azərbaycan elmi və ictimai fikir ta­ri­­xi­nin təşəkkü­­lündə və inkişafında müstəsna rol oynayıb. Bu mənada görkəmli alimin yubileyi yal­­nız elmi mühitimiz üçün deyil, bütövlükdə respublikamızın ictimai-mədəni həyatı üçün əla­­mətdar bir hadisədir.

Akademik Akif Əlizadə vurğulayıb ki, akademik Mustafa Topçubaş­ovun fəaliyyəti Azər­bay­can elmi təfəkkürünün Avropa elmi ənənələri ilə sin­te­zindən yaranan, keyfiyyətcə yeni mərhələsinə - XX  əsrə təsadüf edir.  Elmi fikir tariximizin bu mərhələdə ne­çə-neçə məşhur simalar, parlaq zəkalar yetişdirdiyini deyən akademik Akif Əlizadə on­ların sı­ra­sında akademik Mustafa Topçubaş­ovun yer tutduğunu əlavə edib. 

AMEA rəhbəri ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Akademiyada ziyalılarla görüşündə səsləndirdiyi "Akademiyanı yaradan adamlar, Azərbaycanın böyük alimləri çox böyük şücaət göstərmişlər. Ötən dövrdə Azərbaycan Elmlər Akademiyasının çər­çivəsində Azərbaycan elmi çox inkişaf etmişdir" fikrini xatırladaraq qeyd edib ki, bu şəxs­lər içərisində Mustafa Topçubaşovun xüsusi yeri var.

AMEA-nın 70 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu bildirən akademik Akif Əlizadə Mustafa Topçubaşovun digər Azərbaycan ziyalıları ilə birlikdə tə­mə­lini qoyduğu Akademiyanın bu gün də uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Aka­demik vurğulayıb ki, AMEA respublikamızın sürətli sosial-iqtisadi və mədəni-mə­nəvi inkişafında yaxından iştirak edir. Akademik əlavə edib ki, Azərbaycan döv­lə­ti­nin elmə olan qayğıkeş münasibəti və elmi fəaliyyət sahəsində məq­sədyönlü həyata keçirilən islahatlar Akademiyanı yaxın perspektivdə yeni-yeni nailiyyətlər gözlədiyini deməyə əsas verir. AMEA rəhbəri bu fikirlərin sübutu olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA və alimlərimiz haqqında fikrini xatırladıb: “70 ildə Akademiya böyük və uğurlu yol keçmişdir. Azərbaycan Milli Elmlər Akademiyası öl­kə­mizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir. Kadr hazırlığı işinə də dəyərli töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər Aka­demiyası ölkəmizin ümumi inki­şa­fın­da fəal rol oynayır, alimlər elmi araş­dır­ma­la­r apararaq ölkə­mizin gələcək inkişaf dinamikasını sürətləndirirlər”.

Akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin “Azərbaycan Mil­li Elmlər Akademiyası Azərbaycan xalqının milli sərvətidir. Onu qoruyub sax­la­ma­lı­yıq!” kəlamını Ulu öndərin nəsihəti kimi qəbul edib ona əməl etdikcə Akademiyanın təsisçilərinin, o cümlədən akademik Mustafa Top­çu­başovun da ruhu qarşısında Azərbay­can ziyalısının mənəvi borcunun ödəniləcəyini bildirib.

Tədbirdə çıxış edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-ka­­­tibi, akademik Əhliman Əmiraslanov bildirib ki, akademik Mustafa Topçubaşov Azər­­­­­­­­­­baycan cərrahlıq məktəbinin ba­ni­si və ölkəmizdə səhiyyənin böyük təşkilatçılarından­ biri olmuş, qısa fasilə ilə, 1951-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Aka­­­­demiyasının vitse-prezidenti vəzifəsini daşımışdır. Alim qeyd edib ki, akademik Mus­­tafa Top­çu­başov 1952-ci ildə Bolqarıstan Elm­lər Aka­de­­miyasına müx­bir üzv, 1954-cü ildə isə XI Lis­sa­bon Konqresində Ümum­dün­ya Cər­rah­lar Assosiasiya­sına üzv se­­çilib, Ümum­ittifaq Cər­rah­­lar Cə­miy­yə­tinin üz­vü, Viş­nevski adına Cər­­rahlar Cə­miy­yə­ti­nin fəxri üzvü, res­pub­li­ka­­da Siya­si və El­mi Bi­likləri ya­yan Cəmiyyətin sədri, Azərbaycan Cər­­rah­lar və Uro­loq­lar Cə­­miyyətinin fəx­ri səd­ri, Bö­yük Tibb En­sik­­lopediyasının re­dak­tor­la­rın­dan biri, "Abdo­mi­­nal cərra­hiy­yə" jur­na­lının redaktoru, res­pub­­lika və İttifaq miq­yas­lı el­mi-tibb jur­nal­la­rı­nın redaksiya he­yət­­lə­ri­nin üzvü olub.

Akademik vurğulayıb ki, 1937-ci ildə “Analgezin” adlanan efir-yağ ağrıkəsicisini, ondan istifadə üsulunu kəşf edib və onu şöhrətlən­dirən bu kəşfini özünün “Sənət övladı” adlandırıb. Bölmənin akademik-katibi bu kəşfin tətbiq olunduğu sahələrdən də danışıb: "1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığının Elmi-Tibbi Şurası­nın Farmakologiya Komitəsinin iclasında Mustafa Topçuba­şo­vun kəşf etdiyi sürəkli analgeziyada istifadə olunan efir-yağ qarışığının "Analgezin" adı altında buraxılmasına icazə verilib. 1963-cü ildə SSRİ miqyasında bu metodun tətbi­qində qaza­nı­lan uğurlu nəticələrə görə akademik Mustafa Topçubaşov A.Viş­nevski adına mükafata layiq görülərək xatirə medalı ilə təltif edilib. Son­ra­lar bu kəşf Nobel Mükafatına təqdim olunmuşdu. Lakin güman edilir ki, pərdə arxa­sın­da qalan müəyyən qüvvələr, daha dəqiq desək, həmin ərəfədə ardıcıl olaraq “Bakinskiy raboçiy” qəzetində “Nobel Qardaşları əleyhinə dərc olu­nan təxribat xarakterli yazılar” bunun baş tutmasına imkan verməyib".

Akademik Əhliman Əmiraslanov bildirib ki, Mustafa Topçubaşov SSRİ-də ilk dəfə olaraq evakohospitalların ixtisaslaşdırılması və növbələşdirilməsinin təşəbbüskarı kimi çıxış edib. Müharibə illərində hərbi-səhra cərrahiyyəsi işinin təşkilində bu üsuldan geniş istifadə olunub. Qeyd edib ki, evakohospitallarda apardığı çoxsaylı əməliyyat və müşahi­dələr M.Topçubaşova öz konstruksiyası əsasında portativ stereoskop aparatı yaratmağa imkan verib. Müharibə illərində periferik sinir zədələnmələrinin cərrahi müalicəsində onun təklif etdiyi bir sıra yeni preparatlar və tendomioplastika əməliyyatı tətbiq olunub.

Akademik Əhliman Əmiraslanov vurğulayıb ki, özünün 62 il­lik əmək fəaliyyəti dövründə akademik Mustafa Topçubaşov 100 mindən çox uğurlu cərrahiyyə əməliyyatı həyata keçirib, 300-dən çox elmi iş, el­mi-kütləvi məqalə, 8 monoqrafiya və 5 cildlik orijinal "Xüsusi cər­rahlıq" adlı dərs ki­ta­bının müəllifi olub. Onun rəhbərliyi altında 12 nəfərin elmlər dok­toru və 30 nəfərin elmlər na­mizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etdiyini deyən akademik hazırda akademik M.Topçubaşovun tələbələrinin respublikada və onun hüdudla­rın­dan kənarda bacarıqlı cərrah kimi fəaliyyət göstərdiyini, müəllimlərinin adına layiq çalışdıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra AMEA-nın müxbir üzvü Nuru Bayramov akademik Mustafa Topçubaşovun elmi, pedaqoji və ictimai fəaliyyətindən danışıb. Alim onun 1914-1919-cu illərdə Kiyev Universitetinin Tibb fakültəsində təhsil aldığını və 1919-cu ildə Bakı Dövlət Universitetində ordinator kimi işə başladığını xatırladıb. Bildirib ki, akademik Mustafa Topçubaşov universitetdə ilk azərbaycanlı həkim olub. Nuru Bayramov akademikin bölgələrdə, xüsusən də Naxçıvanın səhiyyə quruculuğunda aktiv fəaliyyət göstərdiyini nəzərə çatdırıb.

Bildirib ki, akademik Mustafa Topçubaşov 1930-cu ildə doktorluq dissertasiyası müdafiə edərək elmlər doktoru dərəcəsi alıb və kafedranın professoru seçilib. 1930-cı ildə Azərbaycan Tibb İnstitutunun Fakültətiv Cərrahiyyə kafedrasının müdiri seçilən akademik ömrünün sonuna qədər bu vəzifədə çalışıb. Nuru Bayramov qeyd edib ki, akademik Mustafa Topçubaşov Azərbaycan SSR Elmlər Akademiyasının ilk 15 üzvü və qurucusundan biridir. 

Alim akademikin elmi-təşkilati fəaliyyətindən də danışıb. Vurğulayıb ki, Mustafa Topçubaşov 1931-ci ildə Azərbaycan Cərrahlar Cəmiyyətini yaradıb, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olub, 1946-cı ildə elmi-tədqiqat naftalan problem laboratoriyasını və Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunu təşkil edib. Bildirib ki, SSRİ Tibb Elmləri Akademiyasının və Dünya Cərrahlar Cəmiyyətinin üzvü, həmçinin Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü olub.

Akademikin ictimai fəaliyyətindən danışan alim bildirib ki, o, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədri, Azərbaycan SSR deputatı, Azərbaycan SSR Ali Sovetinin sədri, Asiya-Afrika Ölkələri ilə Həmrəylik Komitəsinin üzvü olub.           Nuru Bayramov aka­­demikin Şərəf nişanı, Lenin ordeni, Qırmızı Əmək bayrağı ordeni, Əməkdar Elm Xadimi, SSRİ Dövlət Mükafatı, Ümumdünya Sülh Şurasının medalı, Vişnevski adına medal, “Kiril və Mefodi” medalı, Sosialist Əməyi Qəhramanı, “Oraq və Çəkic” qızıl medalı kimi mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb.

Tədbirdə çıxış edən akademik Böyükkişi Ağayev Mustafa Topçubaşovun zəngin hə­yat yolu keçdiyini bildirib. Qeyd edib ki, ölkəmizdə müasir cərrahiyyənin və tibb elmi­nin ilkin tarixi və onun sonrakı inkişaf mərhələsi akademik Mustafa Topçubaşovun adı ilə sıx bağlıdır. Alim vurğulayıb ki, Kiyev Universitetinin Tibb fa­kül­tə­si­ni bitirmiş gənc həkim Bakıya qayıtdığı ilk günlərdən praktiki fəaliyyətlə yanaşı, elmi ax­tarışlarla da məşğul olmuşdur. Bu tədqiqatların nəticəsində dalağın və qaraciyərin parazitar sistlərinin çıxarılmasında  yeni əməliyyat növləri təklif olunmuş və indi də bu əməliyyat növləri beynəlxalq aləmdə M.A.Topçubaşovun adı ilə tanınmaqdadır.

Böyükkişi Ağayev əlavə edib ki, akademik Mustafa Topçubaşov tərə­fin­dən tərtib olunmuş dərsliklər və cərrahiyyənin aktual məsələlərinə həsr olunmuş çox­say­lı monoqra­fiyaların ölkəmizdə həkim kadrların hazırlanmasında misilsiz elmi-praktiki əhəmiyyəti var.

Sonra çıxış edən akademik Adilə Namazova Mustafa Top­çu­ba­şo­vun həyat və yaradıcılığından danışıb. Mustafa Topçubaşovun əsl ziyalı, yüksək pe­şə­kar­lıq, sa­də­lik və mehribanlıq xüsusiyyətlərinin şahidi olduğunu vurğulayıb.

Yubiley tədbirinin sonunda akademik Mustafa Topçubaşovun həyat və yaradıcılığı­na həsr olunmuş sənədli film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir