www.science.az
16.12.2015 09:23

AMEA-nın Kimya Elmləri Bölməsinin iclasında mühüm məsələlər müzakirə olunub

Dekabrın 15-də AMEA Rəyasət Heyətində Akademiyanın Kimya Elmləri Bölməsinin (KEB) büro iclası keçirilib. İclasda AMEA-nın İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, o cümlədən bölmənin büro üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə KEB-in akademik-katibi, akademik Dilqəm Tağıyev açıb. Bildirib ki, AMEA Rəyasət Heyətinin 18 noyabr 2015-ci il tarixli iclasında “AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Prezident İlham Əliyevin irəli sürdüyü elmi prioritetlər” haqqında qərar qəbul edilmişdir. Bu məsələ ilə əlaqədar olaraq, bölmə institutlarına müraciət olunmuş, çoxsaylı təkliflər qəbul edilmişdir.

Sonra AMEA-nın İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev çıxış edərək Sənaye-Təcrübə Zavodu ilə İşlər İdarəsinin uzunmüddətli əməkdaşlıq əlaqələrindən, görülən işlər və əldə edilən nəticələrdən söz açıb. O, Sənaye-Təcrübə Zavodunda istehsal olunan məhsulların keyfiyyət göstəricilərindən söz açaraq bu məhsulları dünya standartlarına uyğunlaşdırmağın vacibliyini önə çəkib. Bildirib ki, yüksəkixtisaslı kadrların hazırlanması, Zavoda texnoloqlar, kimyaçılar və digər mütəxəssislərin cəlb edilməsi bu istiqamətdə əsas hədəflərdəndir.

F.Abdullayev AMEA markası altında istehsal olunan məhsulların yüksək keyfiyyətə malik olmasının vacibliyini xüsusi vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fonduna qrant layihəsi təqdim etməli, öz məhsullarımızı nümayiş etdirməliyik.  O, müasir standartlara uyğun məhsulların istehsalı və satışı sahəsində müvafiq qurumlarla əməkdaşlıq imkanlarından da söz açıb.

Müzakirələrdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov, Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Bildirilib ki, AR Prezidentinin Azərbaycanda əsas elmi prioritetlərin müəyyənləşdirilməsi ilə bağlı çıxışını əsas götürərək rəqabətədavamlı fəaliyyəti gücləndirmək, bu məqsədlə keyfiyyətli baza yaratmaq və məhsulların xaricdən idxalını məhdudlaşdırmaq lazımdır.

Akademik Dilqəm Tağıyev müzakirələrin nəticəsi olaraq konkret və ardıcıl işlərin həyata keçirilməsinin vacibliyini bildirib. Vurğulayıb ki, zavodun fəaliyyətinin səmərəli təşkili üçün respublikanın tələbatını nəzərə alaraq iş aparmalı, rəqabətədavamlı, keyfiyyətli məhsullar ortaya qoymalıyıq.

İclasda, həmçinin AMEA-nın müxbir üzvü Bilal Dadaşovun 100 illik yubileyinin keçirilməsi, Neft-Kimya Prosesləri İnstitutunun Elmi Şurasının tərkibində dəyişiklik edilməsi, bölmə institutlarında cari ildə əldə olunan mühüm nəticələr və digər məsələlər müzakirə olunub.

Tədbirdə KEB-in 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatının dekabrın 25-də keçiriləcəyi qərara alınıb.

Sonda bir sıra kadr məsələlərinə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir