www.science.az
15.12.2015 12:15

AMEA nümayəndələri “CRDF Global Baku” seminarında “HORİZON-2020” proqramı ilə bağlı çıxış ediblər

Dekabrın 11-də “Caspian Plaza” biznes mərkəzində “CRDF Global Baku” çərçivəsində seminar keçirilib.

Seminarda AMEA Rəyasət Heyəti aparatının  Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Zərifə Əliyeva, baş mütəxəssis Firuzə Xəlilova və İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr və innovasiya şöbəsinin rəhbəri, Azərbaycanda AB-nin “HORİZON-2020” İCT və FET üzrə milli təmsilçisi, texnika üzrə fəlsəfə doktoru T.Babayev iştirak ediblər.

Tədbirdə “HORİZON-2020: Müxtəlif ölkə tədqiqatçılarının AB-nin Elmi Tədqiqat və İnnovasiya layihələrində iştirak etmək imkanları” mövzusunda məruzə dinlənilib. Məruzədə AB-nin elmi-tədqiqat və texnolojı inkişaf çərçivə proqramlarının 1984-cü ildən bu günə kimi inkişaf tarixi və məqsədləri barədə ətraflı məlumat verilib.

Həmçinin “HORİZON-2020” proqramının strukturu, əsas məqsədləri və istiqamətlərindən bəhs olunub.

Tədbirin üçüncü hissəsi alim və tədqiqatçıların “HORİZON-2020” proqramında iştrak etmək imkanlarına həsr edilib. Seminarda layihə mövzuları və elan olunan tenderlərin axtarışı, konsorsiumların yaradılması, təkliflərin hazırlanması və qiymətləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir