www.science.az
15.12.2015 09:04

Ömrünü təbiət elmlərinə həsr etmiş görkəmli alim

Nadir meşələri, flora və faunasının növ müxtəlifliyi ilə seçilən ölkəmizin məftunedici təbiəti uca Yaradanın xalqımıza bəxş etdiyi ən böyük ərməğandır. Elm tariximizə nəzər yetirsək görərik ki, respublikamızın bu gözəlliklərini, təbiətin biz insanlara verdiyi faydanı zamanında dərk edən, gələcək nəsillərə ətraf mühitə sevgini aşılayan elm adamları çox deyil. Onların sırasında Azərbaycan elminin cəfakeşlərindən olan, böyük təbiət alimi, akademik Həsən Əlirza oğlu Əliyevin xüsusi yeri var. O, Azərbaycan xalqının çox hörmətlə yanaşdığı, dərin rəğbət bəslədiyi elm xadimi, sadə, zəhmətsevər, yüksək və həssas duyuma malik bir ziyalı idi.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor, əməkdar elm xadimi, ABŞ-ın Ümumdünya Universitetinin fəxri elmlər doktoru Həsən Əliyev bu gün də yaddaşlarda ən xoş və səmimi hisslərlə xatırlanır.

Akademik Həsən Əliyev 1907-ci il dekabr ayının 15-də Zəngəzur qəzasının Comərdli kəndində dünyaya göz açmışdır. 1924-1930-cu illərdə Naxçıvan şəhərində axşam məktəbini və kənd təsərrüfatı texnikumunu bitirdikdən sonra Gəncədə Kənd Təsərrüfatı İnstitutunun tələbəsi olmuşdur.

Ali təhsilini başa vurduqdan sonra 1932-1934-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun aspirantı olmuş, 1934-1935-ci illərdə həmin institutun Şirvan zonasında təcrübə stansiyasının direktoru vəzifəsində çalışmışdır. Bu dövrdə apardığı elmi-tədqiqat işlərinin istiqaməti onun bir torpaqşünas, aqrobotanik və ekoloq alim kimi gələcək elmi fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmişdir. 1930-1940-cı illərdə apardığı tədqiqatlar onun təkcə geniş elmi fəaliyyətinin başlanğıcı kimi deyil, eyni zamanda, V.V.Dokuçayev təliminə söykənən Azərbaycan torpaqşünaslıq elminin əsasının qoyulması kimi də çox dəyərlidir.

Həsən Əliyevin ömür yolu 1941-1943-cü illərdə müharibənin odu-alovu içərisindən keçmiş, ağır döyüşlərin birində ciddi yaralandıqdan sonra cəbhədən tərxis edilmiş və yenidən elm sahəsində fəaliyyətə başlamışdır. 1943-1944-cü illərdə akademiyanın coğrafiya bölməsinin rəhbəri işlədiyi, müharibənin davam etdiyi bir vaxtda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Alimin elmi-ictimai fəaliyyəti çoxşaxəli olmuşdur. O, təbiət elmləri sahəsində bir çox elmi-tədqiqat institutlarına rəhbərlik etmiş, elmin aktual problemlərinin həlli üçün böyük səy göstərmişdir.

Həsən Əliyev XX əsr Azərbaycan elminin korifeyləri olan M.Mirqasımov, Y.Məmmədəliyev, M.Topçubaşov və digər görkəmli elm fədailəri ilə çiyin-çiyinə Azərbaycan elminin mənəvi-əxlaqi dəyər və meyarlarının inkişaf etdirilməsində yaxından iştirak etmiş, özü də bu korifeylər sırasında layiq olduğu zirvəyə yüksəlmişdir.

1945-1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim işləyən Həsən Əliyev respublikamızda torpaqşünaslıq, kənd təsərrüfatı, aqrobiologiya, ekologiya və coğrafiya kimi elm sahələrinin tədqiqatına daha geniş yer ayırmış və sonrakı fəaliyyətində bu elm sahələri onun rəhbərliyi ilə formalaşıb inkişaf etmişdir.

1944-1949-cu illərdə Azərbaycan EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini işləyən alim 1946-1962-ci illərdə Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin Azərbaycan filialının sədri kimi fəaliyyət göstərmişdir. Bu dövr Azərbaycanda torpaqşünaslıq və aqrokimya elminin hərtərəfli inkişaf mərhələsi kimi qiymətləndirilir. Elə həmin dövrdə - 1949-1952-ci illərdə Azərbaycan EA-nın Botanika İnstitutuna rəhbərlik edən Həsən Əliyev qısa müddətdə səkkiz cildlik “Azərbaycan florası” kitabının hazırlanmasına, çapına qayğı göstərməklə bu işin uğurla başa çatmasına böyük əmək sərf edir. Onun təşəbbüsü ilə Botanika İnstitutunun əməkdaşları tərəfindən axtarış-tədqiqat işləri aparılaraq respublikamızın 52 rayonunun 318 obyekt sahəsində 2469 nadir və abidə ağacların, unikal meşəliklərin olması müəyyən edilmişdir.

1952-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilən və 1957-ci ilə kimi akademiyanın akademik-katibi vəzifəsində işləyən Həsən Əliyev olduqca prinsipial və tələbkar elm təşkilatçısı kimi özünü göstərmişdir. Zəngin daxili mədəniyyəti, geniş dünyagörüşü, sözün həqiqi mənasında, ağsaqqallığı ilə ətrafdakı insanlara daim örnək olmuş və humanist şəxsiyyət kimi respublikamızda və onun hüdudlarından kənarda şöhrət qazanmışdır. Akademik-katib vəzifəsində işləməklə yanaşı, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şöbə müdiri kimi də fəaliyyət göstərən alim respublika torpaq fondunun pasportlaşmasına rəhbərlik etmiş, eyni zamanda, həmin illərdə elmi fəaliyyətinin əsas istiqamətini meşə torpaqlarının öyrənilməsinə yönəltmiş və bu sahədə ilk olaraq meşə torpaqları laboratoriyası yaratmışdır.

Həsən Əliyevin çoxsahəli elmi fəaliyyət dairəsinə torpaqşünaslıq nəzəriyyəsi, ekologiya, botanika, biocoğrafiya, meşəşünaslıq, torpaq-meşə meliorasiya və aqrokimya, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub davamlı və dayanıqlı səmərəli istifadəsi kimi problemlər daxil olmuşdur.

1952-1960-cı illərdə akademikin elmi yaradıcılığı daha çox respublikanın Böyük Qafqaz zonası ilə bağlıdır. O, Böyük Qafqaz torpaqlarının genetik-coğrafi cəhətdən tədqiqinə dair bir sıra qiymətli əsərlər çap etdirmişdir. Bunlara “Azərbaycanda qəhvəyi meşə torpaqlarının yayılması”, “Azərbaycanda qara torpaqların yayılması məsələsinə dair”, “Yüksək dağlıq zonada torflu torpaqların bəzi xüsusiyyətləri”, “Böyük Qafqazın şərq hissəsinin qəhvəyi meşə torpaqları” və 2 cildlik “Böyük Qafqazın torpaqları” (Azərbaycan Respublikası daxilində) və s. elmi əsərləri buna parlaq misaldır.

1953-cü ildə işıq üzü görmüş “Azərbaycan Respublikasının torpaqları” monoqrafiyasının əsas müəlliflərindən və məsul redaktorlarından biri də Həsən Əliyev olmuşdur. Kitabda digər komponentlər nəzərə alınmaqla respublikada torpaqəmələgəlmə şəraiti dərindən təhlil edilmiş, ilk dəfə bütün toksonomik torpaq vahidlərinin hərtərəfli elmi təhlili verilmişdir.

Bir qədər sonra çap etdirdiyi “Böyük Qafqazın şimal-şərq hissəsinin meşə və meşə bozqır torpaqları” adlı monoqrafiyasında torpaqəmələgəlmə şəraitini, bu torpaq ehtiyatlarının dayanıqlı və davamlı səmərəli istifadə olunmasının elmi əsaslarını səciyyələndirmişdir.

XX əsrin ortalarında Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yaratdığı meşə torpaqları laboratoriyası 1968-ci ildə Azərbaycan EA Coğrafiya İnstitutuna direktor təyin edildikdən sonra böyük bir şöbəyə çevrilmişdir. Hazırda bu şöbə bir neçə laboratoriya və Pirqulu Elmi Stasionar məntəqəsi kimi fəaliyyət göstərməkdədir. Sağlığında bir sıra kitabları xarici dillərə tərcümə edilmişdir. Təbiətin mühafizəsinin müxtəlif problemlərinə həsr etdiyi çoxsaylı əsərləri ABŞ, Fransa, Yaponiya, Belçika, Almaniya, Vyetnam və əksər Şərqi Avropa ölkələrində nəşr olunmuşdur. Məşhur “Qəhvəyi meşə torpaqları” kitabı 1969-cu ildə Yerusəlim Universiteti tərəfindən ingilis dilində çap edilmişdir. Akademikin biogeosenologiya, biocoğrafiya, torpaq-eroziya sahəsində apardığı elmi-tədqiqat araşdırmaları ömrünün ən dəyərli anları kimi diqqəti cəlb edir. O, bu illərdə tələbələri ilə birlikdə yorulmaq bilmədən Böyük Qafqazın meşə biosenozunda maddələr mübadiləsi və onun ritmik sərfi üzərində sistematik müşahidələr aparılmasını təşkil etmişdir. 1960-cı ildə Brüsseldə “Azərbaycan SSR-in dağlıq rayonlarında torpaq eroziyasının inkişafı və bu prosesin qarşısının alınması cəhdi” adlı monoqrafiyası çap olunmuşdur.

Beynəlxalq Biblioqrafiya İttifaqının ensiklopedik nəşrində Həsən Əliyev məşhur aqrobotanik kimi təqdim edilir. Onun botanika, aqronomluq, ekologiya sahəsində apardığı elmi-tədqiqatlar ümumdünya miqyasında qəbul edilmiş dəyərli elmi nailiyyətlər kimi səciyyələndirilir.

Uzun illər Coğrafiya İnstitutunun direktoru kimi fəaliyyət göstərən akademik Həsən Əliyev ömrünün son illərində də bu institutdan ayrılmamış, Təbiəti mühafizə və Meşə torpaqlarının coğrafiyası şöbələrinə rəhbərlik etmişdir.

Azərbaycanda coğrafiya elminin inkişafında, bu elm sahəsi ilə bağlı bir sıra problemlərin öz həllini tapmasında onun böyük əməyi var. O, Coğrafiya İnstitutuna rəhbərlik etdiyi dövrdə torpaq-ekoloji tədqiqatlarına geniş yer ayırmış, respublikamızda 50 min hektardan artıq şabalıdı və boz-qəhvəyi torpaqlarda üzüm plantasiyalarının salınmasını təklif etmiş və bunun həyata keçirilməsinə nail olmuşdur.

Təbiətin mühafizəsinə xüsusi diqqət ayıran akademik ilk dəfə respublikamızda həmin problemin həllinin vacibliyi ilə bağlı həyəcan təbilini çalan alimdir. Bu sahədə onun gördüyü işləri qısa bir yazıda əhatə etmək mümkün olmadığından yalnız bəzi məqamlarını xatırlatmaq istərdik:

1957-ci ildə Həsən Əliyevin təşəbbüsü ilə Bakıda Zaqafqaziya təbiəti mühafizə müşavirəsi keçirilmişdir. Bu müşavirədə ilk dəfə dövlət təbiəti mühafizə xidmətinin yeni təşkilati formaları, təbiəti mühafizə üzrə komissiyanın fəaliyyəti təhlil edilmiş və əməli təkliflər irəli sürülmüşdür. Bir vaxtlar respublikada fəaliyyət göstərmiş Ətraf Mühitə Nəzarət və Təbiəti Mühafizə Komitəsi, Təbiəti Mühafizə Cəmiyyəti bilavasitə alimin şəxsi təşəbbüsü ilə yaradılmışdır.

Həsən Əliyevin redaktorluğu ilə çap edilən “Azərbaycan təbiəti” adlı elmi-kütləvi jurnal təbiətimizin mühafizəsinin təbliğində aparıcı rol oynamışdır. Milli-mənəvi şüurumuzun inkişafında böyük rol oynamış bu jurnalda təbiət humanizm, mənəvi paklıq, vətənpərvərlik hisslərinin daşıyıcısı kimi öz qiymətini tapmışdı. Jurnalın birinci nömrəsi Həsən Əliyevin “İlk addım” məqaləsi ilə açılır. O, məqalədə yazır: “... Yəqin ki, bizim bu kiçik həcmli “Azərbaycan təbiəti” məcmuəsini də təbiətsevərlər və bütün oxucular ilıq təbəssümlə qarşılayacaqlar. ...”Azərbaycan təbiəti” respublikada təbiəti sevənlər, onun gözəlliyini tərənnüm edənlər üçün ilk addımdır.”

Azərbaycanda Təbiəti Mühafizə Cəmiyyətinin yaradılması, bir çox təbiət yasaqlıq və qoruqlarının təşkil edilməsi məhz onun adı ilə bağlıdır. O yazırdı: “Qoruq” sözü varsa, deməli, təbiətimiz qorunur. Qorunursa, daha da gözəlləşəcək və zənginləşəcək”. Onun təşəbbüsü ilə Kürboyu tuqay meşələrinin və onun canlı aləminin qorunub saxlanılması üçün “Qarayazı”, “Ağgöl”ün bataqlıq-su ekosistemlərinin və heyvanlarının mühafizəsi üçün “Ağgöl”, respublikamızın yeganə Şərq çinarı ağaclığının qorunması məqsədilə “Bəsitçay”, arid saqqız-ardıc meşə ərazisinin, onun heyvanlarının mühafizəsi üçün “Türyançay”, Böyük Qafqazın cənub yamacının şərq hissəsində meşə landşaft kompleksini qorumaq üçün “İsmayıllı”, astroiqlimə mənfi təsir göstərən havanın tozlanmasının və çirklənməsinin qarşısını almaq və meşənin şərq hüdudunda meşə landşaftlarının saxlanılması üçün “Pirqulu”, Kiçik Qafqazda “Göygöl”, Qarabağ vulkanik yaylasının cənub hissəsində “Qaragöl” və nəsli kəsilmək təhlükəsi olan ceyranların mühafizəsi, artırılması üçün “Şirvan” dövlət qoruqları yaradılmışdır.

Həsən Əliyev respublikanı qarış-qarış gəzib dolaşar, onun gözəlliklərini lentə köçürər və bu lentləri Bakıdan başlamış dünyanın əksər ölkələrində keçirilən elmi məclislərdə söylədiyi məruzələrində nümayiş etdirərdi. Eyni zamanda, dünyanın başqa ölkələrində səfərdə olarkən lentə aldığı gözəl təbiət süjetlərini də əyani şəkildə ali məktəb tələbələrinə və orta məktəb şagirdləri qarşısında çıxış edərkən göstərərdi. Onun çıxışları həmişə böyük maraqla qarşılanırdı. O, bununla insanlarda təbiətə məhəbbət hissini aşılayırdı. Xüsusilə bu işdə alimin elmi-kütləvi səpkidə yazıb 1982-ci ildə çap etdirdiyi “Həyəcan təbili” kitabının ötən əsrin 50-ci illərindən sonra respublikanın təbiətində baş verən ekoloji problemlərin ölkə ictimaiyyətinin diqqətinə çatdırması baxımından əhəmiyyəti misilsizdir. O bu kitabında Lənkəran zonası meşələrini təsvir edərək yazırdı: “... Bu diyarı təbii botanika və ya dendroloji parka bənzətmək olar... Lakin... Gözümüzün qabağında belə canlı muzey - Hirkan meşəsi məhv olub getməkdədir”.

Qeyd etmək lazımdır ki, yüksək ixtisaslı elmi kadrların yetişməsinə də xüsusi qayğı və diqqət göstərən Həsən Əliyevin rəhbərliyi ilə alimlik dərəcəsi almış neçə-neçə elmlər doktoru, elmlər namizədi var və onlar təbiətin müxtəlif sahələrinin aktual elmi problemlərinin araşdırılması ilə bu gün də məşğuldurlar. Yüksək insani keyfiyyətlərə malik olan alimin şəxsi məziyyətlərindən biri də öz dövrünün görkəmli rus alimləri S.B.Zonn, R.V.Kovalyov, V.A.Kovda, İ.P.Gerasimov, İ.A.Krupenikov, Q.B.Dobrovolski və başqaları ilə sıx elmi və dostluq əlaqələri yarada bilməsi idi. Dəfələrlə bu görkəmli alimləri respublikaya dəvət etmiş və onların iştirakı ilə Azərbaycan alimlərinin görüşünü keçirmiş, torpaqşünaslıq, coğrafiya, ekologiya və s. təbiət elmləri sahəsində mövcud olan problemləri ətraflı müzakirə etməklə dövlət qarşısında konkret təkliflərlə çıxış etmişdir.

Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının üzvü olmuş akademik Azərbaycan SSR Ali Sovetinin deputatı kimi də fəaliyyət göstərmişdir. O, sağlığında Azərbaycanda təbiət elminin inkişafında xidmətlərinə görə əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Lenin, Qırmızı Əmək Bayrağı, “Şərəf” nişanı ordenləri, habelə Vavilov adına Qızıl medal və başqa medallarla təltif edilmişdir.

Həsən Əliyev uzun müddət Azərbaycan SSR Təbiəti Mühafizə Cəmiyyətinin sədri və Azərbaycan SSR Coğrafiya Cəmiyyətinin prezidenti olmuşdur, işlədiyi dövrdə Yunanıstan, Polşa, ABŞ, Rumıniya, İsveçrə və s. ölkələrdə, eləcə də Moskva, Sankt-Peterburq, Vladivostok və s. şəhərlərdə keçirilən torpaqşünasların beynəlxalq konqres, qurultay və konfranslarında məruzələrlə çıxış etmişdir.

UNESCO və UNEP eksperti olan alim İngiltərənin Biblioqrafiya Cəmiyyətinin və Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin fəxri üzvü kimi də uzun müddət fəaliyyət göstərmişdir.

1993-cü il fevral ayının 2-də Bakı şəhərində dünyasını dəyişən akademik Həsən Əliyevin xatirəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 1994-cü il qərarı ilə əbədiləşdirilmişdir. 1994-cü ilin fevral ayında alimin respublikanın ekologiya sahəsində yazdığı nəzəri və praktiki məsələlərə dair əsərlərinin məcmusu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yüksək mükafatına layiq görülmüşdür.

Azərbaycan Respublikasında ekologiya elminin banisi Həsən Əliyevin arzu və əməllərini yaşatmaq və inkişaf etdirmək üçün 1997-ci il fevralın 14-də akademik Həsən Əliyev adına İctimai Ekoloji Fondu yaradılmışdır.

Azərbaycan Prezidentinin 2003-cü il 16 iyun tarixli sərəncamı ilə Ordubad rayonunda yaradılmış milli parka görkəmli alimin adı verilmişdir. Qeyd edək ki, 2009-cu il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Həmin sərəncamla milli parkın adı dəyişdirilərək akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır.

Çox mənalı və şərəfli ömür yaşamış alim özündən sonra gələn nəsillərə zəngin elmi irs ərməğan qoyub getmişdir. 60 ildən çox davam edən elmi yaradıcılıq fəaliyyətində 800-ə qədər elmi məqalə, monoqrafiya, 140-a qədər müxtəlif təyinatlı xəritələrin, xeyli sayda elmi-kütləvi əsərlərin müəlllifi olması onu göstərir ki, akademik ömrünün sonuna kimi çox gərgin və məhsuldar işləmişdir. Odur ki, Azərbaycan təbiətinin qorunmasından və təbiət elminin inkişafından söz düşəndə adı həmişə birincilər sırasında çəkilir.

Qərib Məmmmədov, AMEA-nın Aqrar elmlər bölməsinin akademik-katibi, akademik

"Azərbaycan" qəzeti, 15 dekabr 2015-ci il