www.science.az
14.12.2015 17:57

AMEA-da “Elsevier” beynəlxalq elmi bazasının nümayəndə heyəti ilə görüş keçirilib

AMEA Azərbaycan elminin inkişafı və dünya elminə inteqrasiyası istiqamətində əməkdaşlıq əlaqələrini genişləndirməkdədir. Bu məqsədlə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Elsevier” beynəlxalq elmi bazasının nümayəndə heyətini qəbul edib.

İlk olaraq akademik Akif  Əlizadə Azərbaycan alimlərinin fəaliyyətinin və onların elmi nəticələrinin dünya elmi ictimaiyyətində tanınması baxımından beynəlxalq elmi bazalarla əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Akademik qeyd edib ki, ölkəmizdə bu elmi bazanın təcrübəsinin öyrənilməsi və onun imkanlarından yararlanmaq olduqca zəruridir.

Sonra “Elsevier” beynəlxalq elmi bazasının Türkiyə, İran, Orta Şərq və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Tayfun Basal təmsil etdiyi qrumun fəaliyyəti haqqında ətraflı məlumat verərək digər elmi bazalarla müqayisədə bu elmi bazanın üstünlüklərindən söhbət açıb. Bazasında müxtəlif elmi sahələrə dair ümumilikdə 23250 adda jurnalı olan “Elsevier”in səmərəli elmi-tədqiqat işləri üçün ən tanınmış və etibarlı informasiya resurslarını təklif etdiyini vurğulayıb. Qonaq şirkətin dünyaca məşhur universitet və elmi müəssisələrin fəaliyyətini, onların beynəlxalq elmi mühitdə mövqeyini müqayisəli təhlil edən ən böyük sistem olduğunu qeyd edib.

Daha sonra “Elsevier”in baş menecerləri Xuşnud Kərimov və Ayhan Akanay Saracoğlu isə beynəlxalq elmi bazanın təklif etdiyi xidmətlər haqqında məlumat verib. Bildirilib ki, “Elsevier”in “Science Direct” xidməti elm, texnologiya və tibb sahəsində mövcud olan tam mətnli məqalələrin böyük bir hissəsini əhatə edir. Ən böyük istinad bazası olan “Scopus”a isə müxtəlif sahələrə dair elmi nəşrlər daxildir.

Görüşdə AMEA ilə “Elsevier” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Gələcəkdə “Elsevier” tərəfindən Akademiyanın  elmi müəssisələrində alimlər üçün seminar və treninqlərin keçirilməsi təklifi AMEA rəhbərliyi tərəfindən müsbət qarşılanıb.

İrəli sürülən təşəbbüslərin reallaşdırılması üçün “Elsevier” nümayəndəliyini Azərbaycana növbəti dəfə dəvət etmək və hər iki qurum arasında əməkdaşlıqla bağlı rəsmi sənəd imzalamaq məqsədəuyğun hesab edilib.

Görüşdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov, idarənin Elmi-analitik şöbəsinin rəisi Fail Kazımov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir